Bu il siyasi və iqtisadi sahələrdə nə ilə yadda qalıb? Artıq 8-ci iclasını keçirən “Politoloqlar Klubu” bu gün bu suala cavab axtarıb. Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş baş verməyib və bu ili biz əvvəlki illər kimi nəticəsiz başa vururuq. Amma Azərbaycan diplomatiyasının səsi beynəlxalq aləmdə daha çox eşidilməyə, rəsmi Bakı öz mövqeyini daha sərt təqdim etməyə başlayıb. Hər halda azərbaycanlı politoloqlar belə düşünür.

Rasim Musabəyov məsələ ilə bu fikirləri səsləndirib. “Problem indiyə kimi öz həllini tapmayıb. Azərbaycan öz mövqeyini Qarabağ məsələsində əldən vermir. Ermənilər bizim güzəştə getməyimizi gözləyir, amma hesab edirəm ki, ermənilər bunu bizdən heç vaxt ala bilməyəcək. Madrid prinsipləri tam razılışdırılacaq və gələn ilin ilk 3 ayında artıq torpaqlarımız qaytarıla bilər”, - deyə o vurğulayıb.

Politoloqlar hesab edir ki, 2010-cu ildə Dağlıq Qarabağ ətrafında proseslər daha da sürətlənəcək və ən əsası işğal altındakı torpaqların bir hissəsi azad ediləcək.

Lakin Xəzərin statusu probleminin həllinə politoloqlar belə optimist yanaşmır. Rasim Ağayev hesab edir ki, Türkmənistanla bu problemin həlli yalnız "Nabukko" layihəsinin reallaşması ilə həll etmək olar. Amma dünyada davam edən iqtisadi böhran bu layihənin reallaşmasını dondurub. İrana gəldikdə isə, bu ölkə ümumiyyətlə Xəzərin statusunun razılaşdırılmasında maraqlı deyil.

Politoloq Rasim Ağayev bildirib ki, Türkmənistanla bizim yataqlarla bağlı problemlərimiz var və bu da həll olunan problemdir: "Türkmənistan hazırda qazını ixrac etmək üçün müxtəlif yollar axtarır. Bu səmtdə problemin həlli yolları asanlaşır. Amma İranla biz heç bir irəliləyişə getməyəcəyik, çünki bu onun siyasətinə dəstək verən amillərdən biridir".

Politoloqlar həmçinin İranın nüvə proqramı ətrafında baş verəcək prosesləri proqnozlaşdırmağa çalışdılar. Siyasətçi Fikrət Sadıxov İranın öz nüvə proqramını beynəlxalq normalar çərçivəsində inkişaf etdirməli olduğunu hesab edir. Ekspertlər həmçinin dünya maliyyə böhranının 2012-ci ilə kimi davam edəcəyini və bunun nəticəsində bir sıra Avropa ölkələrinin, o cümlədən Baltikyanı dövlətlərin ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırdılar.