Bir Amerika mahnısı var: «O, canlara dəyən oğlan idi». Əsgərlər oxuyurlar bu mahnını. Döyüş dostlarını itirəndə, vaxt-bivaxt yığışıb onların xatirəsini yad edəndə oxuyurlar. Deyirlər, prezident Kennedini torpağa tapşıranda bütün Amerika oxuyurdu bu mahnını...

Son günlərdə iki dəfə görmüşəm Çingizi. Əvvəlcə respublika daxili işlər nazirinin müavini, polkovnik Rövşən Cavadovun iş otağında «görüşdük». Telefonatlı kimi işlədilən kiçik jurnal stolunun üstündə Çingizin foto-şəklini unudulmaz alimimiz Xudu Məmmədovun portreti ilə yanaşı gördüm.
Biri bir az çılğın və səbirsiz, biri isə mülayim və təmkinli… Və hər ikisi vicdan səsi, həqiqət rəmzi – nurlu işıqlı…
Canlara dəyən oğullar, idi onlar. İndi darısqal otaqdakı kiçik jurnal stolunun üstündə baş-başa verib, telefonla ötürülən xəbərləri, cəbhə bölgələlərindən gələn polis zabitlərinin raportlarını dinləyirdilər elə bil…
«Nəbilər kəndinin üstündəyik. Çingiz yaxamdan tutub dedi ki, «gedək, komandir gedək! Biz Şuşaya girməliyik! Şuşa komandir, Şuşa!..».
ikinci dəfə Çingizi «Yaramaz» bədii filimində gördüm. Yadınızdadırmı: təzəcə tanış olduğu qızla kinoteatrdan çıxında sözünü, danışığını bilməyən Yaramaz küçədə yekə-yekə danışanda cavanlar onu əzişdirirlər. Vaxt keçir, Yaramaz müdir olur, maşında gedəndə həmin cavanlardan birini görür. Düşüb onu döyür şoferin də ovcuna pul basır ki, «sən heç nə görmədin!».
Filimdə Yaramazı döyənlərdən biri Çingiz idi.
Filimdə Yaramazın döydüyü gənc də Çingiz idi.
Həyatda da Çingizin «döydükləri» Yaramazlar idi və Yaramazların da döydükləri Çingiz idi.
Amma filimdəki Çingizin döyülməsi ilə həyatdakı Çingizin şəhidliyi arasında qısa bir yol var idi və Yaramazlar bu yolda onun qarşısına hər addımbaşı çıxırdılar…
Şuşa xəyanətin qurbanı olmuşdu. Bütün xalqı sarsıdan bu dəşhətli faciədən iki-üç gün keçirdi. Çoxları Şuşanın əldən getməsinə hələ də inanmaq istəmirdi… Otağıma üç ordu zabiti gəldi.
- Bizi nazir göndərib. «215 Kl» bu gün efirə getməməlidir.
«215 Kl»in başının üstünü yenə təhlükə aldığını cəbhədən təzəcə qayıtmış Çingizə, görünür, montaj otağında xəbər vermişdilər.
- Niyə getməməlidir?
Soruşan Çingiz idi. Mənə ucadan deyilən sözləri dəhlizdə eşitmişdi. Arıqlamışdı, gözləri çuxura düşmüş, rəngi ağarmışdı. Nə vaxtdan bəri dinclik, istirahət bilməyən, daim özünü oda-közə vuran, reportajdarını güllə yağışı altında çəkən bu adam didim-didim didilmişdi sanki. Başdan ayağa sızıltı idi, göynərti idi, əzab idi, iztirab idi ki, qovrula-qovrula soruşurdu: «Niyə getməməlidir?» hikkəli-hikkəli dedilər:
- Bəsdir təxribatla məşğul oldun! Verilişin efirə getməyəcək!
- Təxribatla sizi bura göndərənlər məşğul olurlar, mən yox! Məgər Şuşanın verilməsindən də böyük təxribat ola bilər?
- Artıq-əkshik danışma! Yoxsa bu saat qollarını burub, aparırıq səni nazirliyə!
Onlar danışır, Çingiz isə maddım-maddım baxırdı. Birdən üzünü mənə tutub acı-acı gülümsədi:
- Bəlkə siz deyəsiniz, nə vaxtadək bunlar bizi adam yerinə qoymayacaqlar, nə vaxta kimi bizi avam hesab edəcəklər?
Mən isə ona baxır və düşünürdüm ki, bu televiziya ekranının çox qəribə bir xüsusiyyəti var: sən bu ekrandan danışırsan, söz deyirsən, kimdənsə müsahibə alırsan, yaxud nəyisə xəbər verirsən və bu zaman heç özün də hiss etmirsən ki, sənin verdiyin informasiya ilə yanaşı tamaşaçıya başqa bğir informasiya da gedir. Bu informasiya bilavasitə sənin özünün haqqındadır. Səmimi adamsan, yaxud süni, dediklərin həqiqətdir, yaxud yalan, biliklisən və ya «piyada»… Öz sözünü deyirsənmi? Göründüyün kimisənmi?.. Televiziya kimi ikinci bir adamtanıyan yer üzündə yoxdur və insanın qəlbini oxumaqda heç bir direktor onunla bəhsə girə bilməz. Və hər dəfə Çingiz ekranda görünəndə televiziya öz tamaşaçısına eyni sözləri deyirdi: - Bu oğlan ƏSL JURNALİST, ƏSL REPORTYORDUR. Çünki o, ŞƏXSİYYƏTDİR. O, həmişə göründüyü kimidir. O, istedaddır, fonomendir. Canı öz xalqının canına sarıqlıdır. İnanın ona!
Bu gün Çingizin reportajlarını xatırlayanda onun faktı, hadisəni görmək, təhlil etmək, nəticə çıxarmaq və mənalandırmaq, gələcək hadisələrin proqnozunu vermək bacarığına heyran olursan.
Mənə elə gəlir ki, bu ötən altı-yeddi il ərzində bütün respublikada hələ heç kəs bir anın içində Çingiz qədər sarsılmayıb. Xocalı qırğınının qurbanları arasında qətlə yetirilmiş körpə qızcığazı qucağına götürmüş Çingizin «Ay Allah!» naləsi bütün dünyanı sarsıltdı. Erməni faşizminin və namusu ayaqlar altına atan hakimiyyət hərislərinin iç üzünü bütün çılpaqlığı ilə açıb göstərdi. Mən qəti inanıram ki, Allah o naləni, o sızıltını – Çingiz ürəyinin səsini eşidib.
Allah gec eylər, güc eylər!
…Tanklar, zirehli maşınlar Laçından çıxıb dərəaşağı üzübəri gəlir. Azərbaycanın gözləri önündə yeni xəyanət, yeni faciə baş verir. İndi də düşmənə Laçın peşkəş verilir. Tankların qabağını Çingiz kəsir.
- Hara qaçırsınız? Qorxaqlar!
Kişi deyilsiniz siz, biqeyrətsiniz!
Qışqırmaqdan səsi batıb onun. Az qala hıçqıra-hıçqıra yalvarır:
- Qayıdın! Qayıdın da nə olar?!
Vallah, bu televiziyanın sözünü, danışığını, hərəkətini bilməyən, «qara qutu»nun sirlərindən və sehrindən baş açmayan, adicə şəhərlərin, aeroportların adlarını belə təhrif edən, hətta Azərbaycan dilini təzə-təzə öyrənən, üz-gözündən heç bir intellekt əlaməti duyulmayan şöhrətpərəst «jurnalistləri» hələ çox olacaq.
Elə buna görə də Çingizin yerini heç kim tuta bilməyəcək. Çünki o, İSTEDAD İDİ, QEYRƏT İDİ.

Ələkbər ABBASOV