Dostlar! Bu gün Yeni Musavatda oxuduqlarim meni soka salddi. Yeqin qaninda caninda vetenine aid bir damla olan insan buna laqeyd qala bilmez.Siz de oxuyun:

ZİYA MƏMMƏDOVUN DELFİNİ XƏSTƏLƏNİB
Atlantik okeanından Bakıya su gətizdirən məmurlar
Nəqliyyat naziri ilə Kəmaləddin Heydərov saxladıqları ekzotik heyvanlara hər ay on minlərlə dollar xərcləyir

Azərbaycan oliqarxlarının hər cür dəbdəbəli əyləncəyə, eyş-işrətə milyonlarla pul xərcləməsi barədə cəmiyyətdə az-çox məlumat var. Belə xəbərlər vaxtaşırı olaraq mətbuata da sızır və qəzetlər vəzifələrindən birinin də məlumatlandırmaq olduğunu əsas götürüb həmin bilgiləri oxucularla bölüşür. Məmurların ifrat dəbdəbəli həyat tərzi yaşaması ilə bağlı zaman-zaman “Yeni Müsavat”a da müxtəlif məlumatlar daxil olub və indi də olur.
Dünən aldığımız məlumat isə iki yüksək vəzifəli məmurun öz bağlarında saxladıqları müxtəlif növ ekzotik heyvanlara yüz minlərlə, hətta milyonlarla dollar xərcləməsi ilə bağlıdır. Mənbənin məlumatına görə, bu yaxınlarda nəqliyyat naziri Ziya Məmmədovun neçə illərdir bağındakı delfinariyada saxladığı delfin qəflətən xəstələnib. Bundan bərk üzülən nazir yerli mütəxəssislərə müraciət etsə də, onlar delfinin dərdinə çarə tapa bilməyiblər. Bu nəcib heyvanın vəziyyətinin gündən-günə pisləşdiyini görən Ziya Məmmədov İtaliyadan xüsusi veterinar briqadası dəvət edib. Əcnəbi həkimlər bir neçə gün Bakıda olublar, delfini müayinə ediblər. Hazırda delfinin vəziyyəti yaxşı olsa da, onun hələ tam sağalmadığı bildirilir. Mənbənin bildirdiyinə görə, Z.Məmmədov qiyməti 1 milyon dollardan baha olan delfininin sağalması üçün 60 min dollara yaxın pul xərcləyib.
Qaynağın verdiyi xəbərdə həmçinin bildirilir ki, Z.Məmmədov adı İslam dinində də rəğbətlə Yunus balığı kimi çəkilən delfini üçün hər ay xüsusi olaraq okean suyu gətizdirir. Bu su Atlantik okeanından götürülür və Aralıq dənizindən keçməklə Qara dənizə - Poti limanına çatdırılır. Oradan isə 60 tonluq sisternlərdə Bakıya gətirilir. Okean suyunun bir partiyasının Bakıya çatdırılması sifarişçiyə 20 min manata başa gəlir. Məlumata görə, nəqliyyat naziri öz bağında timsah da saxlayır.
Həm delfin, həm də timsah saxlayan başqa məmur isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. “Fövqəlnazir”in delfini üçün də okean suyu eyni marşrutla gətirilir. K.Heydərov bu heyvanları Z.Məmmədovun bağında görəndən sonra onda da delfin və timsah saxlamağa maraq yaranıb. Hər iki nazirin saxladıqları timsahlar Şri-Lankadan alınmış Hind timsahlarıdır. Bu nəhəng sürünənlərin boyu 5 metrə, çəkisi isə 1500 kiloqrama yaxın olur. Onlar daha çox balıq yeməyi sevirlər, ancaq ət də yeyirlər. Mənbənin bildirdiyinə görə, nazirlərin məhz Hind timsahı saxlamasının əsas səbəbi yırtıcıların bu növünün az aqressiv olması və insanlara çox nadir hallarda hücum etməsidir. Məlumata görə, adıçəkilən nazirlərin timsahları hər gün 80-100 kiloqramdan çox ət yeyirlər. Bu isə bir günə təxminən 560-700 manat eləyir. Balığa verilən pulları da nəzərə alsaq, Z.Məmmədovla K.Heydərov hər gün öz timsahlarının yalnız qidalanmasına orta hesabla 850-1000 manat xərcləyirlər. Onların saxladığı delfinlər balıq və balıq məhsulları, molyuska ilə qidalanır. Hər iki nazir delfinlərinə ay ərzində külli miqdarda para xərcləməli olur.
Nazirlərin heyvanlarına isə böyük bir personal xidmət edir. Onlar bu delfin və timsahların vaxtlı-vaxtında qidalanmasından tutmuş, sağlıq durumuna qədər, bütün məsələlərə sorumludur. K.Heydərovla Z.Məmmədovun bu personalı saxlamaq üçün hər ay təxminən 5-6 min manat xərclədikləri də gələn xəbərlər arasındadır. Nəqliyyat naziri delfininə o qədər çox bağlanıb ki, özünə məxsus obyektlərin birinə onun adını da verib. Bu, Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Delfin” hotelidir. Digər məmurların da xaricdən müxtəlif növ ekzotik və nadir heyvanlar almasına dair məlumatlar var. Ancaq həmin məlumatlarda bir qədər qeyri-dəqiqlik olduğundan hələlik onlarla bağlı hər hansı bilgi verməyi düzgün saymadıq. Həmin faktlar barədə təfərrüatları əldə edəndən sonra növbəti saylarımızda bu barədə də yazacağıq.
Teymur HƏSƏNLİ