Borçalı - tarixi mahal. Gürcüstanın cənub-şərq və Ermənistanın şimal-qərbində yerləşən Borçalı mahalının ərazisi, əsasən, dağlıq, üçdə biri isə düzənlikdir. Borçalıda ən əski çağlardan bəri Türk boyları yaşamış, bu torpaqların yiyəsi olmuşlar.

Geniş yay və qış otlaqları olan Borçalıda maldarlıq, taxılçılıq, bostançılıq, bağçılıq, ipəkçilik inkişaf etmişdir. Türkün gücdən düşdüyünü düşünən yağılar Borçalıya zaman-zaman hücum çəksələr də Borçalı Azərbaycanın bir hissəsi olmuşdur. XVIII yüzilin başlarında Borçalı Gəncə bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirqulu xanın şah elan olunmasına qarşı çıxdığı üçün Nadir şah kimi tanındıqdan sonra Ziyadoğluları cəzalandırmaqdan ötrü Borçalını Gəncə bəylərbəylərindən alaraq gürcü Kartli-Kaxeti çarına hədiyyə edib. XVIII yüzilin ortalarında Azərbaycan xanlıqlara, sultanlıqlara bölündüyü vaxt Borçalıda da sultanlıq elan olundu. XIX yüzilin ortalarında Borçalı mahalı qəzaya çevrildi. Azərbaycanda 1918-ci ildə Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrildi. Rus-Sovet işğalından sonra da ədalət bərpa edilmədi və Borçalı Gürcüstana qatıldı. 1929 - cu ildə qəza ləğv edilərək 3 yerə bölündü: Borçalı, Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi).
Tarixi TÜRK yurdu BORÇALI bu gün də gürcü dövlətinin caynağındadır.