Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-i Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad) təşkil edir. 200-dən çox mineral su bulağı (Darıdağ, Badamlı, Sirab, Vayxır və sair) var. Illik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir. Muxtar respublikada ümumi uzunluğu 1,8 min kilometr olan 400 böyük və kiçik çay vardır.

Naxçıvan Muxtar Respublikasında iqlim tipi əsasən quraq və kontinentaldır. Florası çox zəngindir. 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir
Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş yeni Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

Muxtar dövlətin özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Konstitusiyaya əsasən muxtar respublikanın Ali vəzifəli şəxsidir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikasının qanunlarıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.

Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikası müalicəvi iqlimi, şəfalı mineral suları, dərman bitkilərinin bolluğu ilə fərqlənir.

Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu bu bölgədə yerləşir. Bu günədək akademik Həsən Əliyev adına Ordubad Milli Parkına 8 istiqamət üzrə, muxtar respublikanın digər bölgələrinə 5 istiqamət üzrə turist marşurutları hazırlanmışdır. «Babaların tarixi zəfər və şəhadət yolu» beynəlxalq turist marşrutunun açılması sahəsində işlər yekunlaşmaq üzrədir.

Naxçıvan Muxtar Respublikasında musiqi mədəniyyəti bu gün daha da inkişaf edib.Naxçıvan şəhərində və rayonlarda mahnı və rəqs kollektivləri fəaliyyət göstərir.Naxçıvan torpağının yetirmələri olan bəstəkar və müğənnilərin Azərbaycan musiqi mədəniyyətində öz sözü və öz yeri var.

Naxçıvanda tar, kaman, nağara, ney, balaban, saz və s. milli musiqi alətləri ilə yanaşı tulum, yan tütəyi kimi az yayılmış musiqi alətlərindən də istifadə edilir.