Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin ne'məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən - əcdadımızın mədfənidir,
Vətən - övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.