Poliqon İnformasiya Agentliyi redaktoru və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi Elmin Bədəlov semestr imtahanı zamanı müəllim Elşad Orucəliyevin qərəzli mövqeyi ilə üzləşdiyi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib. Onun bildirdiyinə görə, müəllim Elşad Orucəliyev əvvəlcə imtahanın bitməsinə saat yarım qalmış cavabları köçürdüyünü iddia edərək onu imtahandan kənarlaşdırıb. E.Bədəlov əlavə edib ki, ona “qeyri-kafi” qiymət yazılması cavabların köçürülməsi ilə bağlı deyil, cavabların səhv olması ilə əlaqələndirilib.

E.Bədəlovun təhsil aldığı “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov RATİ-yə bildirib ki, tələbənin imtahandan kənarlaşdırılması şparqalkadan (əvvəlcədən hazırlanmış cavablar) istifadə etməsi, “qeyri-kafi” alması isə yazdığı cavabların səhv olması ilə əlaqədardır. Q. Məmmədov həmçinin qeyd edib ki, nəticədən narazı qalan tələbə dekanlıqda yaradılmış apellyasiya komissiyasına şikayət edə bilər.

Xatırladaq ki, bir müddət öncə Elmin Bədəlov ADNA-dakı rüşvət halları ilə bağlı məqalə yazıb. Tələbə-jurnalist ona qarşı baş verən təzyiqlərin də məhz yazdığı məqalə ilə əlaqədar olduğunu bildirir.