475-IIQ

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Bu Qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

I FƏSİL
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. körpə - bir yaşınadək uşaq;

1.0.2. erkən yaşlı uşaq - bir yaşından üç yaşınadək uşaq;

1.0.3. ana südü ilə qidalanma - körpə və erkən yaşlı uşaqların döşlə əmizdirilməsi;

1.0.4. eksklüziv qidalanma - altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılması;

1.0.5. süd anası - başqa körpəni əmizdirən qadın;

1.0.6. süni qidalanma - ana südü olmadıqda körpələrin və erkən yaşlı uşaqların süni qida qatışıqları ilə qidalandırılması;

1.0.7. süni qida məhsulu - körpələrin və erkən yaşlı uşaqların qidaya tələbatını ödəyən və onların fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılan, ana südünü qismən əvəz edən qida qatışığı;

1.0.8. qida formulu - sənaye üsulu ilə müvafiq standartlara uyğun hazırlanan, altı aylığa qədər körpələrin (bir nömrəli qida formulu) və altı aylıqdan üç yaşınadək uşaqların (iki nömrəli qida formulu) qidaya tələbatını ödəmək üçün nəzərdə tutulan, ana südünü qismən əvəz edən heyvan və ya bitki mənşəli qida qatışığı;

1.0.9. əlavə qida - ana südü, yaxud süni qida məhsulu və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən, sənaye üsulu ilə və ya ev şəraitində hazırlanan qida məhsulu;

1.0.10. distribütor - süni qida məhsullarının yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən fiziki və ya hüquqi şəxs.

Maddə 2. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında

Azərbaycan Respublikasının qanunvericiliyi

Körpələrin və erkən yaşlı uşaqların (bundan sonra - uşaqların) qidalanması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri

3.0. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

3.0.1. uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

3.0.2. uşaqların təhlükəsiz və adekvat qidalanmasına dövlət təminatı;

3.0.3. ana südünün üstünlüyünü təsdiq edən, döşlə əmizdirilməni müdafiə edən təbliğat işinin təşkili və uşaqların sağlam qidalanması sahəsində informasiyanın qanunvericilikdə müəyyən olunmuş qaydada yayılması;

3.0.4. süni qida məhsullarına dövlət nəzarətinin təşkili;

3.0.5. uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilməsi.

II FƏSİL

Uşaqların ana südü ilə qidalanmasının müdafiəsi

Maddə 4. Ana südü ilə qidalanmanın təbliği

4.0. Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara:

4.0.1. döşlə əmizdirmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü barədə;

4.0.2. ana südü ilə qidalanmanın uşaqların harmonik inkişafına müsbət təsiri barədə;

4.0.3. ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığı üçün bioloji və emosional əsaslar yaratması barədə;

4.0.4. ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qoruması və ilkin tibbi-sanitariya yardımının mühüm amili olması barədə hökmən məlumat verilməlidir.

Maddə 5. Hamilə qadınların və uşaq əmizdirən anaların sosial müdafiəsi

5.1. Hamilə qadınların və uşaq əmizdirən anaların sosial müdafiəsi onlara düzgün əmək, istirahət və qidalanma rejiminin yaradılmasından, vaxtlı-vaxtında profilaktik və tibbi-sanitariya yardımı göstərilməsindən, stress yaradan amillərin aradan qaldırılmasından, ana patronajı xidmətinin həyata keçirilməsindən, təbliğat işinin aparılmasından, döşlə əmizdirmə ilə bağlı tibbi maarifləndirmədən, eləcə də digər tədbirlərdən ibarətdir.

5.2. Bir yaşınadək uşaq əmizdirən analara məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aylıq müavinət verilir.

Maddə 6. Süd anası

6.1. Ananın südü olmadıqda və ya müxtəlif səbəblərdən uşağını əmizdirə bilmədikdə valideynlərin seçimi əsasında həmin uşağın əmizdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərə uyğun olaraq süd anası təmin edir.

6.2. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan müavinət süd analarına da şamil edilir.

III FƏSİL

Süni qidalanmanın tənzimlənməsi

Maddə 7. Süni qida məhsullarına qoyulan tələblər

7.1. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

7.2. Süni qida məhsullarının istehsalı, qablaşdırılması, markalanması, saxlanması, daşınması və satışı müvafiq standartlara, sanitar-gigiyenik norma və qaydaların tələblərinə əməl edilməklə həyata keçirilir.

7.3. Azərbaycan Respublikasına idxal edilən və ya respublikada istehsal olunan süni qida məhsullarının üzərindəki informasiyalar aşağıdakı tələbləri ödəməlidir:

7.3.1. digər dillərlə yanaşı Azərbaycan dilində olmalı;

7.3.2. ana südünün üstünlüyü qeyd olunmalı;

7.3.3. "ana südünə oxşar" və ya "ana südünün əvəzedicisi" ifadəsindən istifadə edilməməli;

7.3.4. yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında məlumatı əks etdirməli;

7.3.5. qidanın düzgün hazırlanması və saxlanması haqqında qeydlər olmalı;

7.3.6. məhsulun istifadəyə yararlılıq müddəti göstərilməli;

7.3.7. məhsulun istehsalçısının adı və ünvanı göstərilməli;

7.3.8. quru məhsulun hər 100 qramında, hazır məhsulun isə hər 100 millilitrində kilocoul və (və ya) kilokalori ilə ifadə olunmuş enerji dəyəri, onun tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması qeyd olunmalı və onların miqdarı müvafiq olaraq azalan nisbətdə göstərilməli;

7.3.9. məhsulun kimyəvi tərkibi haqqında məlumatı əks etdirməli.

7.4. Qida formullarının üzərində onların hazırlanması üsullarını göstərən qrafik təsvirlərdən istifadə edilə bilər.

7.5. Süni qida məhsullarının Azərbaycan Respublikasına üçüncü ölkədən idxalı qadağandır.

7.6. Bu Qanunun tələblərinə cavab verməyən süni qida məhsulunun istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

Maddə 8. Süni qida məhsullarının sertifikatlaşdırılması

Süni qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlara, sanitar-gigiyenik norma və qaydaların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan süni qida məhsulları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılır.

Maddə 9. Süni qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti

Süni qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 10. Süni qida məhsullarının reklamına qoyulan tələblər

10.1. Qida formulları barədə məlumatlar yalnız elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilə bilər.

10.2. İstehsalçılar və distribütorlar süni qida məhsulları barədə informativ, tədris və elmi xarakterli materialları yazılı, audio, video və digər formada tibb işçilərinə təqdim edə bilərlər.

10.3. Bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulan məlumatlar elmi mətnlərlə məhdudlaşdırılmalı, süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünü yaratmamalıdır.

10.4. Süni qida məhsullarının körpə şəkillərinin təsviri ilə reklamı qadağandır.

10.5. Süni qida məhsullarının satış-sərgisini və xüsusi nümayişini reklam məqsədi ilə təşkil etmək qadağandır.

10.6. Süni qida məhsullarının reklamında ana südünün üstünlüyü mütləq qeyd olunmalıdır.


IV FƏSİL

Tibb fəaliyyəti subyektlərinin, istehsalçıların və distribütorların hüquq və vəzifələri

Maddə 11. Tibb fəaliyyəti subyektlərinin hüquq və vəzifələri

11.1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş tibb müəssisələri süni qida məhsullarını ucuz qiymətə almaq, hədiyyə, ianə, humanitar yardım və digər formada qəbul etmək hüququna malikdir.

11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır:

11.2.1. körpələrin eksklüziv qidalandırılmasını müdafiə və təbliğ etmək, bu sahədəki qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və yaymaq;

11.2.2. körpənin doğulduğu andan bir gün ərzində ana ilə birgə qalmasını və ilk saat ərzində döşlə əmizdirilməsini təmin etmək;

11.2.3. uşaqların süni qida məhsullarına, yaxud onlara əlavə qida verilməsinə zərurət yarandıqda valideynlərə müvafiq məsləhətlər vermək;

11.2.4. hamilə və uşaq əmizdirən qadınların, eləcə də körpələrin adlarını və ünvanlarını süni qida məhsullarının istehsalçısı və distribütorlarına verməmək;

11.2.5. bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri istisna olmaqla, süni qida məhsullarının istehsalçısı və distribütorları tərəfindən nümunə, hədiyyə, ianə və digər formada təklif olunan süni qida məhsullarını almamaq;

11.2.6. uşaqların qidalandırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək.

Maddə 12. İstehsalçılara və distribütorlara şamil edilən məhdudiyyətlər

12.0. İstehsalçılar və distribütorlara şamil edilən məhdudiyyətlər aşağıdakılardır:

12.0.1. uşaqların qidalanması ilə bağlı elmi-tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirmək;

12.0.2. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq etmək;

12.0.3. tibb müəssisələrinə uşaqlar üçün nəzərdə tutulmuş süni qida məhsulları ilə bağlı reklam xarakterli materiallar vermək;

12.0.4. süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərini və onların ailə üzvlərini bu və ya digər formada həvəsləndirmək;

12.0.5. süni qida məhsulları ilə bağlı bu Qanunun 10.1-ci maddəsində göstərilən materialları hamilə qadınlar və analar arasında yaymaq.

V FƏSİL

Yekun müddəaları

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.


Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 iyun 2003-cü il
№ 475 - IIQ

[