Yanğından icbari sığorta haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U


Bu Qanun "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsindən irəli gələrək, Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından sığortası sahəsində münasibətləri tənzimləyir, bu sığortanın iştirakçıları tərəfindən yerinə yetirilməli olan minimum məcburi tələbləri müəyyən edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, öz əmlakını və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini könüllü qaydada yanğından sığortalayan hüquqi və fiziki şəxslərə, habelə vətəndaşların sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi əmlakına və məsuliyyətinə bu Qanunun müddəaları şamil edilmir.


Maddə 1. Sığortanın məqsədi


Yanğından icbari sığortanın məqsədi yanğın nəticəsində sığorta olunanların və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.


Maddə 2. Yanğından icbari sığorta haqqında qanunvericilik


Yanğından icbari sığorta haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta haqqında" və "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarından, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.


Maddə 3. Sığortanın obyektləri


3.1. Sığortanın obyekti aşağıdakılardır:

3.1.1. sığorta müqaviləsilə nəzərdə tutulmuş ərazidə sığorta olunanın mülkiyyətində və ya istifadəsində olan binalar, o cümlədən insanların kütləvi halda toplanması üçün binalar, anbarlar, qurğular, ötürücü qurğular, maşın və avadanlıq, mebel, hazır məhsul, xammal və materiallar;

3.1.2. yanğın nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulmasına görə sığorta olunanın mülki məsuliyyəti.

3.2. Sığorta hadisəsi zamanı üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan və sığortaçı tərəfindən əvəzi ödənilən zərərə aşağıdakılar aiddir:

3.2.1. ölüm və ya bədən xəsarəti;

3.2.2. əmlakın zədələnməsi və ya məhv olması;

3.2.3. zərərin ödənilməsi barədə işlər üzrə məhkəmə xərcləri.

3.3. Bu Qanunun məqsədləri üçün aşağıdakı əşyalar sığorta obyekti sayılmır:

3.3.1. sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar;

3.3.2. modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər;

3.3.3. nəğd pul, səhm, istiqraz və digər qiymətli kağızlar, bütün növ qızıl, gümüş və digər nəcib metallar (avadanlığın tərkib hissəsi olan nəcib metallardan başqa), onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar.

3.4. Qəza vəziyyətində olan binaların və qurğuların, həmçinin onlarda yerləşən əmlakın sığortalanmasına yol verilmir.


Maddə 4. Sığorta olunanlar


Sığorta olunanlar sahibkarlıq fəaliyyəti göstərən, mülkiyyətində və ya istifadəsində bu Qanunun 3.1.1-ci maddəsində göstərilmiş obyektləri olan hüquqi və fiziki şəxslərdir.


Maddə 5. Sığortaçılar


Sığortaçılar qanunvericiliyə uyğun olaraq yanğından icbari sığorta fəaliyyətini göstərmək hüququ olan və bu sığorta növü üzrə sığorta daxılının üzvü olan sığorta təşkilatlarıdır.


Maddə 6. Üçüncü şəxslər


Sığorta müqaviləsinin tərəfi olmayan və bu Qanuna görə yanğın hadisəsi nəticəsində əmlakına və sağlamlığına zərər vurulan hüquqi və fiziki şəxslər, habelə onların hüquqi varisləri üçüncü şəxs sayılırlar.

Sığorta ödənişinin verilməsi məqsədilə zərər vuran hüquqi və ya fiziki şəxslər və onların işçiləri üçüncü şəxs sayılmırlar.


Maddə 7. Sığorta hadisəsi


7.1. Yanğın, eləcə də ildırım düşməsi yaxud partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü, buxar yaxud istilik nəticəsində sığorta olunanın əmlakına, habelə üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulması sığorta hadisəsi sayılır.

7.2. Aşağıdakılar nəticəsində yanğının vurduğu zərər sığorta hadisəsi sayılmır:

7.2.1. müharibə, hər cür hərbi əməliyyatlar, mülki ixtişaş, terror, qiyam və bunların qarşısını almaq üçün görülən inzibati və hərbi tədbirlər;

7.2.2. nüvə partlayışı.

7.3. Aşağıdakıların nəticəsində vurulan zərər sığortaçı tərəfindən ödənilmir:

7.3.1. təmir, emal və ya digər istehsalat məqsədləri üçün istifadə olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, habelə əmlakın təbii xüsusiyyətlərindən asılı olaraq baş vermiş qıcqırma, çürümə və digər kimyəvi reaksiyalar nəticəsində əmlakın xarab və ya məhv olması;

7.3.2. elektron aparatlarının və avadanlığının yanması nəticəsində eyni zamanda yanğın baş verməmişdirsə, həmin aparat və avadanlığın sıradan çıxması;

7.3.3. yanma kamerasında yaranan partlayış zamanı daxili yanma mühərriklərinin sıradan çıxması;

7.3.4. sığorta hadisəsi zamanı və ya sığorta hadisəsindən sonra əmlakın oğurlanması.


Maddə 8. Sığorta olunanın hüquq və vəzifələri


8.1. Sığorta olunanın aşağıdakı hüquqları vardır:

8.1.1. sığortaçını sərbəst seçmək;

8.1.2. sığorta qaydaları ilə tanış olmaq;

8.1.3. sığorta hadisəsinin baş verməsi riskinin azaldılması istiqamətində tədbirlər görüldükdə sığorta haqqının yenidən hesablanmasını sığortaçıdan tələb etmək;

8.1.4. sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək;

8.1.5. qanunla və müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

8.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır:

8.2.1. bu Qanuna uyğun olaraq sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək;

8.2.2. sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq;

8.2.3. zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri həyata keçirmək;

8.2.4. sığorta hadisəsinin baş verdiyi gündən ən geci 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək;

8.2.5. zəruri hallar istisna olmaqla zərər vurulmuş yerdə və əmlakda sığortaçı və ya digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək;

8.2.6. sığorta aktının tərtib olunması, zədələnmiş əmlaka baxış keçirilməsi, baş vermiş sığorta hadisəsinin səbəblərinin, nəticələrinin, zərərin xarakter və miqdarının təhqiq edilməsi üçün sığortaçıya şərait yaratmaq və sənədləri sığortaçıya təqdim etmək;

8.2.7. baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək;

8.2.8. vurulmuş zərərə görə digər təqsirkar şəxslərdən alınmış ödənişlər barədə sığortaçını xəbərdar etmək;

8.2.9. sığortaçı tərəfindən sığorta ödənişi verildikdən sonra təqsirkar üçüncü şəxslərdən reqres qaydasında sığortaçının tələb etmək hüququnu təmin etmək və bunun üçün özündə olan bütün sənədləri sığortaçıya vermək;

8.2.10. sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyətli olan hallar və riskin sonradan dəyişməsi barədə sığortaçıya məlumat vermək;

8.2.11. sığorta edilən obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək;

8.2.12. qanunla və müqavilə ilə nəzərdə tutulmuş digər vəzifələr.

8.3. Sığorta olunan öz əmlakını və ya mülki məsuliyyətini başqa bir sığortaçıda da sığortalamışdırsa, sığorta hadisəsi barədə həmin sığortaçıya da məlumat verməlidir.

8.4. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığorta olunan sığortaçıya dərhal məlumat verməlidir. Bu halda sığorta müqaviləsində müvafiq dəyişikliklər edilir.


Maddə 9. Sığortaçının hüquq və vəzifələri


9.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

9.1.1. sığorta edilən əmlakın baxışını keçirmək, sığorta olunanla birlikdə sığortalanan əmlakı qiymətləndirmək və ya bu işi müstəqil sığorta qiymətləndiricisinə həvalə etmək;

9.1.2. sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək;

9.1.3. sığorta hadisəsi nəticəsində vurulan zərərin məbləğini sığorta olunanla birgə müəyyən etmək, bunun üçün sığorta olunandan məlumat almaq, zərərin qiymətləndirilməsində dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları və digər səlahiyyətli orqanlarla birgə iştirak etmək;

9.1.4. sığorta müqaviləsi ilə əhatə olunmuş ərazilərə (binalara) daxil olmaq, hadisəni təsdiq edən sənədlər alındıqdan sonra lazımi tədqiqatlar aparmaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;

9.1.5. hadisə ilə əlaqədar təqsirkar şəxs müəyyən olunarsa sığorta ödənişi verildikdən sonra ona qarşı reqres qaydasında iddia qaldırmaq.

9.1.6. qanunla və müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

9.2.1. sığorta olunandan sığorta haqqını almaq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq sığorta şəhadətnaməsini vermək;

9.2.2. sığorta hadisəsi baş verdikdə sığorta olunandan ərizə daxil olduqdan sonra 3 gün müddətində hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək, dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından sığortalanmış əmlak barədə lazımi məlumat almaq;

9.2.3. tələb olunan bütün sənədlər təqdim edildikdən sonra 10 gün müddətində sığorta ödənişini vermək və ya yazılı şəkildə əsaslandırmaqla ödənişin verilməsindən imtina etmək;

9.2.4. qanunla və müqavilə ilə nəzərdə tutulmuş digər vəzifələr.


Maddə 10. Sığorta müqaviləsinin bağlanması və ləğvi


10.1. Yanğından icbari sığorta müqaviləsinə dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə, həmin Məcəllədə nəzərdə tutulmayan hissədə isə bu Qanuna uyğun olaraq müəyyən edilir.

10.2. Sığorta müqaviləsi sığorta olunanın yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.

10.3. Sığorta olunanın əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir.

10.4. Daşınar əmlak yalnız sığortanın əhatə etdiyi ərazi hüdudlarında sığorta olunur.

10.5. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.

10.6. Sığorta müqaviləsi onun bağlandığı gün saat 24.00-da qüvvəyə minir və müqavilədə nəzərdə tutulan müddətin sonuncu günü saat 24.00-da qüvvədən düşür.

10.7. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

10.7.1. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;

10.7.2. sığortaçı sığorta müqaviləsi üzrə özünün bütün öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;

10.7.3. sığorta olunan hüquqi şəxs və ya sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edildikdə, sığorta olunan fiziki şəxs vəfat etdikdə;

10.7.4. sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə;

10.7.5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda.


Maddə 11. Əmlak sığortası üzrə sığorta məbləği


11.1. Bu Qanuna uyğun olaraq sığorta olunanın əmlak sığortası üzrə sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman əmlakın mövcud olan bazar qiyməti (yaxud ekspert qiymətləndirilməsi) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

11.2. Sığorta məbləği hər bir sığorta obyekti üzrə ayrılıqda və ya sığorta müqaviləsində göstərilən obyektin qrupları üzrə müəyyən edilə bilər.

11.3. Əgər sığorta məbləği əmlakın bazar qiyməti əsasında müəyyən edilmiş dəyərdən (sığorta dəyərindən) artıq olarsa, sığorta dəyərindən artıq olan həmin hissə müqavilə bağlandığı andan etibarsız hesab olunur.


Maddə 12. Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği


12.1. Sığorta olunanın yanğın nəticəsində üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə maksimum sığorta məbləği aşağıdakı kimi müəyyən edilir:

12.1.1. əmlaka vurulan zərərə görə - əmlak sığortası məbləğinin 20 faizi miqdarında;

12.1.2. sağlamlığa vurulan zərərə görə - ümumilikdə 100 milyon manatdan artıq olmamaq şərti ilə bir nəfər üçün 10 milyon manat.

12.2. Bütün hallarda sağlamlığa vurulan zərərə görə üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə maksimum sığorta məbləği əmlak sığortası üzrə sığorta məbləğindən artıq ola bilməz.

12.3. Sığorta olunan öz mülki məsuliyyətini bu Qanunla müəyyənləşdirilmiş sığorta məbləğindən artıq məbləğə könüllü olaraq sığortalamaq hüququna malikdir. Bu halda sığorta məbləği və sığorta haqqının miqdarı sığortaçı ilə sığorta olunan arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir.


Maddə 13. Sığorta haqqı


13.1. Sığorta haqqı, üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası da daxil olmaqla, sığorta edilən əmlakın dəyərindən aşağıdakı faiz tarifləri ilə hesablanır;

13.1.1. əmlakın dəyəri 1 milyard manatadək olduqda-0,3 faiz;

13.1.2. əmlakın dəyəri 1 milyard manatdan 5 milyard manatadək olduqda - 0,25 faiz;

13.1.3. əmlakın dəyəri 5 milyard manatdan çox olduqda - 0,2 faiz.

13.2. Sığorta haqqı birdəfəlik ödənilir və ya sığorta olunanın arzusu ilə iki dəfəyə: sığorta haqqının 50 faizi sığorta müqaviləsinin bağlandığı gün, digər 50 faizi isə müqavilənin bağlandığı gündən 4 aydan gec olmayaraq ödənilir.


Maddə 14. Zərərin müəyyənləşdirilməsi


14.1. Zərərin miqdarı bu Qanunun 8-ci və 9-cu maddələrinin müvafiq müddəalarına riayət etməklə sığorta olunanla birgə sığortaçı tərəfindən müəyyən edilir və tərəflərin imzaladığı sığorta aktı ilə təsdiqlənir.

14.2. Əmlaka vurulan zərərin miqdarı hesablanarkən həmin əmlakın satın alınmasına və ya bərpa edilməsinə çəkilməli olan xərclər zərərin qiymətləndirilməsi zamanı mövcud olan bazar qiymətləri əsasında müəyyən olunur.


Maddə 15. Sığorta ödənişi


15.1. Sığorta ödənişi sığorta məbləğindən cox olmamaqla zərərin faktiki miqdarında verilir.

15.2. Əgər sığorta hadisəsi zamanı sığorta haqqının ödənilməmiş hissəsinin bu Qanunun 13.2-ci maddəsində müəyyən edilmiş ödənilmə müddəti keçmişdirsə, sığorta ödənişi faktiki ödənilmiş sığorta haqqının məbləğinə mütənasib surətdə verilir.

15.3. Eyni əmlak bir neçə sığortaçıda sığortalanmışdırsa hər bir sığortaçı sığorta müqaviləsinə uyğun olaraq öz payına düşən ödəniş hissəni verir.

15.4. Sığorta ödənişi zərər çəkənə verilir. Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin iddialarını ödəmək üçün kifayət qədər deyildirsə, ödəniş sığorta olunanla razılaşdırılmaqla əmlak sığortası üzrə sığorta məbləğindən verilə bilər.

15.5. Sığorta hadisəsi baş verdikdə sığorta olunanın aşağıdakı xərcləri də sığorta ödənişinə daxildir:

15.5.1. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;

15.5.2. zərər vurulan əmlakın qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər.

15.6. Yanğının daha da genişlənməsinin qarşısını almaq məqsədi ilə görülən yanğınsöndürmə tədbirləri nəticəsində əmələ gələn ziyan da sığorta ödənişinə daxil edilir.

15.7. Üçüncü şəxsin sağlamlığına vurulan zərərə görə sığorta ödənişi mülki məsuliyyət sığortası üzrə sığorta məbləğindən aşağıdakı faizlərlə verilir:


15.7.1. ölüm - 100 %;

15.7.2. I qrup əlillik - 80 %;

15.7.3. II qrup əlillik - 60 %;

15.7.4. III qrup əlillik - 40 %;

15.7.5. ağır xəsarət - 25 %;

15.7.6. yüngül xəsarət - 5 %;


Maddə 16. Sığorta ödənişini verməkdən imtina edilməsi ücün əsaslar


16.1. Sığorta hadisəsi sığorta olunanın birbaşa qəsdlə törətdiyi əməlin (hərəkətin və ya hərəkətsizliyin) nəticəsində baş veribsə sığortaçı öz öhdəliklərini icra etməkdən azad olunur.

16.2. Sığorta hadisəsi üçüncü şəxsin qəsdlə törətdiyi hərəkətin nəticəsində baş veribsə və bu hadisə ilə əlaqədar özü zərər çəkibsə, həmin şəxsə zərərin əvəzi sığortaçı tərəfindən ödənilmir.

16.3. Sığortaçı Azərbaycan Respublikası Mülki Məcəlləsində və "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əsaslarla da sığorta ödənişi verməkdən imtina edə bilər.


Maddə 17. Sığorta olunanlara güzəştlərin verilməsi


17.1. Sığorta müqaviləsinin qüvvədə olduğu bir il müddətində sığorta ödənişi verilməmişdirsə, sığorta müqaviləsi növbəti il üçün bağlanarkən sığorta olunana bu Qanuna uyğun hesablanmış sığorta haqqı məbləğindən aşağıdakı qaydada güzəşt edilir:

17.1.1. 2-ci il üçün 10 faiz,

17.1.2. 3-cü və sonrakı illər üçün 15 faiz.

17.2. Dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş aşağıdakı hallarda sığorta olunana sığorta haqqının ödənilməsində güzəşt edilir;

17.2.1. avtomatik yanğın xəbərçisi və ya yanğın söndürmə qurğusu olduqda - 5 faiz;

17.2.2. yanğından mühafizə bölməsi olduqda - 10 faiz.

17.3. Bu Qanuna görə sığorta olunanın ödədiyi sığorta haqları istehsalat xərclərinə aid edilir.


Maddə 18. Sığorta haqlarının bölüşdürülməsi


18.1. Sığorta olunanlar tərəfindən ödənilən sığorta haqları aşağıdakı qaydada bölüşdürülür:

18.1.1. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yanğının qarşısı alınma tədbirlərini həyata keçirmək üçün yanğından mühafizə növlərinə - 5 faiz;

18.1.2. işin aparılması üçün sığortaçıya - 15 faiz, o cümlədən sığorta agentlərinə verilən komisyon mükafatı - 5 faiz.

18.2. bu Qanunun 18.1-ci maddəsində göstərilən məbləğlər çıxıldıqdan sonra sığorta haqlarının qalan məbləğindən qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ehtiyatları yaradılır.


Maddə 19. Risklərin bölüşdürülməsi


19.1. Maliyyə sabitliyini təmin etmək məqsədi ilə sığortaçılar öz risk saxlama imkanlarından artıq olan riskləri və ona uyğun sığorta haqlarını təkrar sığorta yolu ilə bölüşdürməlidirlər.

19.2. Bir müqavilə üzrə qəbul edilən riskin 3 milyard manatdan artıq hissəsi xarici təkrar sığortaçılarda təkrar sığortalana bilər.

19.3. Xarici təkrar sığortaçıda sığortalanan risklər üzrə təkrar sığorta komisyon mükafatının həcmi 15 faizdən az olmamalıdır.


Maddə 20. Nəzarət və mübahisələrə baxılma


20.1. Yanğından icbari sığortanın iştirakçıları tərəfindən bu Qanuna riayət edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

20.2. Bu Qanuna əsasən bağlanılan sığorta müqavilələrindən irəli gələn mübahisələr üzrə tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, həmin mübahisələr məhkəmə qaydasında həll edilir.


Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər və sığortaçılar bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2004-cü il

№ 573-IIQ

[