Lotereyalar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Bu Qanun Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsinin qaydalarını, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir.


Maddə 1. Lotereyalar haqqında qanunvericilik


Lotereyalar haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.


Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar


2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.0.1. lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları arasında uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun;

2.0.2. stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereya forması;

2.0.3. tirajlı lotereya - uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda oynanılan lotereyanın keçirilməsi forması;

2.0.4. ani lotereya - uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi forması;

2.0.5. məqsədli lotereya - müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət əhəmiyyətli layihənin maliyyələşdirilməsi məqsədi ilə keçirilən lotereya forması;

2.0.6. uduş fondu - lotereyanın şərtlərinə uyğun lotereyada oynanılan və uduşlar şəklində verilməsi (ödənilməsi) nəzərdə tutulan pul vəsaitlərinin, digər əmlakın (əşyanın) və xidmətlərin (işlərin) məcmusu (dəyəri);

2.0.7. uduş fondunun oynanılması - lotereyanın şərtlərinə uyğun, lotereya biletinin uduşlu olub-olmamasının təsadüf prinsipi əsasında müəyyənləşdirildiyi və uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnun yarandığı proses;

2.0.8. uduş - uduş fondunun konkret lotereya biletinə düşən hissəsi;

2.0.9. lotereya bileti - lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd;

2.0.10. lotereya təşkilatçısı - öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxs;

2.0.11. lotereya iştirakçısı - lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi;

2.0.12. stimullaşdırıcı lotereyanın obyekti - satışı stimullaşdırıcı lotereya ilə müşayiət olunan mal (iş, xidmət);

2.0.13. tiraj komissiyası - tirajlı lotereyada uduş fondunun oynanılmasının lotereyanın şərtlərinə uyğun keçirilməsinə nəzarət edən və onun nəticələrini rəsmiləşdirən fiziki şəxslər qrupu;

2.0.14. lotereyanın şərtləri - lotereya təşkilatçısı tərəfindən tərtib edilmiş, lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatları əks edən rəsmi sənəd.


Maddə 3. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi


3.1. Azərbaycan Respublikasında lotereyalar əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədi ilə keçirilir.

3.2. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı vasitələrlə təmin edilir:

3.2.1. lotereyaların təşkilində və keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan normativ hüquqi aktların qəbul edilməsi;

3.2.2. lotereyaların təsnifatlaşdırılması;

3.2.3. lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı qaydalarının müəyyən edilməsi və onların qeydiyyatının aparılması;

3.2.4. lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin həyata keçirilməsi;

3.2.5. lotereyaların təşkili və keçirilməsi ilə əlaqədar açıqlanmalı olan məlumatların və onların açıqlanması qaydalarının müəyyən edilməsi;

3.2.6. lotereya iştirakçılarının hüquqlarının təmin edilməsi;

3.2.7. lotereya təşkilatçısı tərəfindən lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduqda lotereya təşkilatçısına xəbərdarlıq edilməsi və ya lotereyanın keçirilməsinin dayandırılması;

3.2.8. lotereyanın keçirilməsinə xitam verilməsi haqqında iddia ilə məhkəməyə müraciət edilməsi;

3.2.9. lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə nəzarət edilməsi;

3.2.10. lotereyalar haqqında qanunvericiliklə müəyyən olunmuş digər funksiyalar.

3.3. Azərbaycan Respublikasında lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkilini və keçirilməsini yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı həyata keçirir.


Maddə 4. Lotereyanın şərtləri


4.1. Lotereyanın şərtlərində aşağıdakılar göstərilir:

4.1.1. lotereya təşkilatçısı haqqında məlumat;

4.1.2. lotereyanın adı və keçirilmə forması;

4.1.3. lotereyanın keçirilməsi müddəti;

4.1.4. lotereyanın keçirildiyi ərazi;

4.1.5. lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) və onların əldə edilməsi qaydaları haqqında məlumat;

4.1.6. lotereyanın uduş fondu haqqında məlumat;

4.1.7. lotereyanın uduş fondunun oynanılması qaydaları haqqında məlumat;

4.1.8. uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) lotereya təşkilatçısı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat.

4.2. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereyalar istisna olmaqla) şərtlərində lotereyanın uduş fondunun məbləğinin satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyən edilməsi və ya uduş fondunun təsbit edilmiş məbləği göstərilməlidir. Uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti göstərilməlidir. Lotereyanın şərtlərində lotereyanın uduş fondunun ümumi məbləği göstərildiyi halda, hər uduşun adı, miqdarı və dəyəri (qiyməti) göstərilməlidir.

4.3. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir.

4.4. Tirajlı lotereyanın təşkilatçısı uduş fonduna daxil edilmiş malların, stimullaşdırıcı lotereyanın təşkilatçısı isə lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir.

4.5. Stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir.

4.6. Məqsədli lotereyanın şərtlərində lotereyanın keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və maliyyələşdirilən dövlət əhəmiyyətli layihə haqqında məlumat verilməlidir. Lotereya təşkilatçısı qanunvericiliyə zidd olmayan digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.

4.7. Lotereya təşkilatçısı lotereyanın şərtlərini kütləvi informasiya vasitələri ilə elan etməlidir.

4.8. Lotereyanın şərtlərinə əlavə və dəyişikliklərin edilməsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir.

4.9. Lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 (on) iş günü qalana qədər edilə bilər.

4.10. Lotereyanın şərtlərinə lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasının dəyişilməsinə təsir göstərən, uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan əlavə və dəyişikliklər edilə bilməz.

4.11. Lotereya təşkilatçısı lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikliklər haqqında məlumatı uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitələri ilə elan etməlidir.


Maddə 5. Tiraj komissiyası


5.1. Tiraj komissiyası lotereya təşkilatçısı tərəfindən yaradılır və tirajlı lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirir.

5.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır. Lotereya təşkilatçısının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər), həmçinin stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyasının üzvü ola bilməz.

5.3. Lotereya təşkilatçısı tiraj komissiyasının ən azı bir üzvünü kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin edir.

5.4. Lotereya təşkilatçısı uduş fondunun oynanılmasına azı 3 (üç) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda tiraj komissiyasının tərkibinə dəyişikliklərin edilməsi barədə lotereya təşkilatçısına icrası məcburi olan göstəriş verir.

5.5. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.

5.6. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.

5.7. Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına və lotereya təşkilatçısına məlumat verir.

5.8. Bu Qanunun 5.7-ci maddəsində göstərilən məlumatı aldıqda lotereya təşkilatçısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırır.


Maddə 6. Lotereyanın uduş fondu


6.1. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılır.

6.2. Uduş fondu yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərin yerinə yetirilməsi məqsədlərinə istifadə oluna bilər.

6.3. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) uduş fondunun minimum həcmi, lotereyanın şərtlərindən asılı olaraq, müvafiq tiraj üzrə buraxılmış yaxud satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%- dən az və 80%-dən çox ola bilməz.

6.4. Uduş fondu satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində göstərildiyi qaydada növbəti tirajda oynanıla bilər.

6.5. Ani lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox olmamalıdır.

6.6. Lotereya təşkilatçısı uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul edir.

6.7. Tirajlı lotereyada uduşlu lotereya biletinin lotereya təşkilatçısı tərəfindən qəbulu müddəti həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.

6.8. Ani lotereyada uduşlu lotereya biletinin lotereya təşkilatçısı tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlamalı və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam etməlidir. Ani lotereyanın başa çatması barədə məlumatın lotereya təşkilatçısı tərəfindən elan edildiyi tarix ani lotereyanın keçirilməsinin başa çatdığı tarix hesab olunur.

6.9. Uduş lotereya təşkilatçısı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidlir).


Maddə 7. Lotereya biletlərinə dair tələblər


7.1. Lotereya biletinin üzərində (stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla) aşağıdakı məlumatlar əks olunmalıdır:

7.1.1. lotereya təşkilatçısının adı;

7.1.2. lotereyanın adı və keçirilmə forması;

7.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;

7.1.4. uduş fondunun oynanılmasının tarixi (ani lotereya istisna olmaqla);

7.1.5. lotereya biletinin və ya bir variantın qiyməti;

7.1.6. lotereyanın uduş fondu haqqında məlumat;

7.1.7. lotereyanın uduş fondunun oynanılması şərtləri haqqında məlumat;

7.1.8. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;

7.1.9. lotereya biletlərini çap edən müəssisə haqqında məlumat;

7.1.10. lotereyanın qeydiyyata alınması haqqında məlumat.

7.2. Lotereya biletlərinin hazırlanmasına dair digər tələblər qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.3. Lotereya biletləri bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış müəssisələr tərəfindən hazırlanmalıdır.

7.4. Digər formada məlumat daşıyıcıları olan lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.5. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.

7.6. Lotereya təşkilatçısı satılmamış lotereya biletlərinin (stimullaşdırıcı lotereyada istifadə olunan lotereya biletləri istisna olunmaqla) satıcıdan qəbulunu uduş fondunun oynanılmasına ən azı 2 (iki) saat qalmış başa çatdırmalıdır. Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunur.

7.7. Uduşu ödənilmiş lotereya biletləri lotereya təşkilatçısı tərəfindən 3 (üç) il ərzində saxlanılır.

7.8. Satılmamış və geri qaytarılmış lotereya biletləri lotereya təşkilatçısının yaratdığı müvafiq komissiya tərəfindən məhv edilir.

7.9. Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.


Maddə 8. Lotereyaların qeydiyyatı


8.1. Lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinə və keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirir.

8.2. Lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

8.2.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və keçirilməsi forması göstərilməlidir;

8.2.2. lotereyanın şərtləri;

8.2.3. lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsi;

8.2.4. lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

8.2.5. lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

8.3. Bu Qanunun 8.2.4-cü və 8.2.5-ci maddələrində göstərilən sənədlərin surəti lotereya təşkilatçısı tərəfindən keçirilən sonrakı lotereyaların qeydiyyata alınması üçün tələb olunmur.

8.4. Stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

8.4.1. stimullaşdırıcı lotereyanı keçirmək niyyətində olduğu barədə bildiriş. Bildirişdə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və növü göstərilməlidir;

8.4.2. stimullaşdırıcı lotereyanın şərtləri;

8.4.3. stimullaşdırıcı lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat daşıyıcısının) nümunəsi;

8.4.4. stimullaşdırıcı lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

8.4.5. stimullaşdırıcı lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;

8.4.6. stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti.

8.5. Lotereya təşkilatçısı müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlərdə olan məlumatların tamlığına və düzgünlüyünə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

8.6. Müvafiq icra hakimiyyəti orqanı lotereya şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə təsdiq olunmuş digər sənədlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını, onlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində lotereya təşkilatçısından tələb edə bilər.

8.7. Bu Qanunun 8.2-ci maddəsində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə lotereya təşkilatçısına məlumat təqdim etməlidir.

8.8. Bu Qanunun 8.4-cü maddəsində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq o, stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər. Bu müddət ərzində stimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda, lotereya təşkilatçısı lotereyanı keçirmək hüququnu əldə edir.

8.9. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edə bilər və ya stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər:

8.9.1. bu Qanunun 8.2-ci və 8.4-cü maddələrində göstərilən sənədlər tam şəkildə təqdim edilmədikdə;

8.9.2. təqdim olunan sənədlərə lotereyalar haqqında qanunvericiliyin tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə;

8.9.3. stimullaşdırıcı lotereyanın təşkilatçısı, onun tərəfindən keçirilən lotereyanın dayandırılması zamanı yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə;

8.9.4. lotereya təşkilatçısının stimullaşdırıcı lotereyanın keçirilməsinə məhkəmə tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.

8.10. Lotereya təşkilatçısı lotereyanın keçirilməsinin qadağan edilməsindən məhkəmə qaydasında şikayət edə bilər.

8.11. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına yol verilmir.


Maddə 9. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi


9.1. Bu Qanunun və digər müvafiq normativ hüquqi aktların tələblərinin və ya lotereyanın şərtlərinin lotereya təşkilatçısı tərəfindən pozulması aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin pozuntuların aradan qaldırılması üçün ona xəbərdarlıq edə bilər və ya lotereyanın dayandırılması barədə qərar qəbul edə bilər. Lotereya təşkilatçısı xəbərdarlıq və ya lotereyanın dayandırılması barədə bildiriş aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

9.2. Müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılması barədə lotereya təşkilatçısından məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə, lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə lotereya təşkilatçısına yazılı bildiriş göndərir.

9.3. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əsaslarla lotereyanın keçirilməsinə xitam verə bilər:

9.3.1. lotereya təşkilatçısı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə;

9.3.2. lotereya təşkilatçısı ləğv edildikdə;

9.3.3. məhkəmənin qərarı olduqda.

9.4. Lotereya təşkilatçısı aşkar olunmuş pozuntuları bu Qanunun 9.1-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, müvafiq icra hakimiyyəti orqanı lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.

9.5. Stimullaşdırıcı lotereyanın təşkilatçısı stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi barədə bildiriş aldıqda, bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidir. Bu zaman stimullaşdırıcı lotereyada iştirak etmək üçün istənilən formada təkliflərin edilməsi qadağandır.

9.6. Lotereya təşkilatçısı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) dayandırılması və ya ona xitam verilməsi haqqında məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərini lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir.

9.7. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya təşkilatçısını uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.

9.8. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə bu Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilməsi, həmçinin bu halda lotereya iştirakçılarının tələblərinin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 10. Lotereya təşkilatçısının vəzifələri


10.1. Lotereya təşkilatçısının lotereyaların təşkili və keçirilməsi sahəsində aşağıdakı vəzifələri vardır:

10.1.1. lotereyanın qanunvericiliyə uyğun təşkilini və keçirilməsini təmin etmək;

10.1.2. qeydiyyata alınmış lotereyanın şərtlərini və onlara edilmiş əlavələri və dəyişiklikləri kütləvi informasiya vasitələri ilə elan etmək;

10.1.3. uduş fondu oynanıldıqdan sonra (ani lotereya istisna olmaqla) 5 (beş) iş günü ərzində uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumatı kütləvi informasiya vasitələrində elan etmək;

10.1.4. lotereyanın dayandırılması, onun keçirilməsinə xitam verilməsi və ani lotereyanın başa çatması barədə məlumatları kütləvi informasiya vasitələri ilə elan etmək;

10.1.5. lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərinə daxil olunmuş məlumatları ona təqdim etmək;

10.1.6. lotereya biletləri üzrə uduşların verilməsini (ödənilməsini) təmin etmək;

10.1.7. lotereyanın təşkili və keçirilməsi ilə bağlı hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

10.1.8. lotereyanın şərtlərində nəzərdə tutulduğu halda lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ödəmək;

10.1.9. lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) keçirilməsi dayandırıldıqda və ya xitam verildikdə lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərinin lotereya biletlərinin sahiblərinə ödənilməsini təmin etmək;

10.1.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri.

10.2. Lotereya təşkilatçısı lotereyanın şərtlərində göstərilən müddət ərzində uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin qəbulunu lotereya iştirakçısının ilk tələbi ilə təmin etməlidir.


Maddə 11. Lotereya iştirakçılarının hüquqları


11.0. Lotereya iştirakçısı aşağıdakı hüquqlara malikdir:

11.0.1. Lotereyada hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə şikayətlə müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət etmək;

11.0.2. lotereyanın şərtlərində nəzərdə tutulduğu halda uduşların ödənilməsi zamanı qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsini lotereya təşkilatçısından tələb etmək;

11.0.3. lotereya barədə bu Qanunla müəyyən edilmiş qaydada məlumat almaq.

11.0.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri.


Maddə 12. Məsuliyyət


Lotereya təşkilatçıları və onların vəzifəli şəxsləri bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2004-cü il

[