Bu Qanun Azərbaycan Respublikasında poçt rabitəsi sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.



I fəsil

Ümumi müddəalar


Maddə 1. Əsas anlayışlar


1.0. Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi;

1.0.2. Poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti;

1.0.3. Universal poçt rabitəsi xidmətləri - Azərbaycan Respublikasının ərazisində əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi müyəssər tariflərlə göstərilən və ümumi istifadədə olan poçt rabitəsi xidmətləri;

1.0.4. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;

1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;

1.0.6. Poçt rabitəsi operatoru - poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;

1.0.7. Poçt rabitəsinin milli operatoru (milli operator) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru;

1.0.8. Poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar;

1.0.9. Sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi;

1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;

1.0.11. Sekoqram - içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi;

1.0.12. Nəzarət keçid müddətləri - müvafiq icra hakimiyyəti orqanı tərəfindən poçt göndərişinin qəbulundan ünvan sahibinə çatdırılmasınadək təyin edilmiş müddətlər;

1.0.13. Bəyan olunmuş qiymət - poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləği;

1.0.14. Beynəlxalq poçt mübadiləsi yeri - beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;

1.0.15. Beynəlxalq poçt mübadiləsi məntəqəsi - beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;

1.0.16. Xidməti poçt göndərişi - poçt rabitəsi operatorları tərəfindən xidməti məqsədlə göndərilən poçt göndərişi;

1.0.17. Poçt çeki - poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim edənə ödənilən pul sənədi.

[