Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.



I FƏSİL
Ümumi müddəalar



Maddə 1. Əsas anlayışlar


1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;

1.0.2. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir;

1.0.3. dövlət sirrinin mühafizəsi sistemi - dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;

1.0.4. dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;

1.0.5. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;

1.0.6. məxfilik qrifi - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir;

1.0.7. informasiyasını mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;

1.0.8. dövlət sirri təşkil edən məlumatların siyahısı - müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.

[