Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, o cümlədən 16 yaşadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla).

Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
2.3. Bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Müavinət almaq hüququ olan şəxslər

3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 4. Müavinətlərin növləri

4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:
4.0.1. aylıq müavinətlər:
4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;
4.0.1.2. yaşa görə müavinət;
4.0.1.3. əlilliyə görə müavinət;
4.0.1.4. 16 yaşadək əlil uşaqlara müavinət;
4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;
4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət;
4.0.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
4.0.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
4.0.2. Birdəfəlik müavinətlər:
4.0.2.1. radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət;
4.0.2.2. uşağın anadan olmasına görə müavinət;
4.0.2.3. dəfn üçün müavinət.

[