Ümumi müddəalar
Bu Qanun Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra – Dövlət Reyestri) müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılması, aparılması, istifadəsi və informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. Dövlət Reyestri - Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatı;
1.0.2. Dövlət Reyestrinin informasiya sistemi - Dövlət Reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki, telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrin nizama salınmış məcmusu;
1.0.3. Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod;
1.0.4. Dövlət Reyestrinin istifadəçiləri – öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Maddə 2. Dövlət Reyestrinin aparılmasının məqsədi

2.0. Dövlət Reyestrinin aparılmasının əsas məqsədləri aşağıdakılardır:
2.0.1. əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək;
2.0.2. müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək;
2.0.3. əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliyini artırmaq.

Maddə 3. Dövlət Reyestri haqqında qanunvericilik

Dövlət Reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Ailə Məcəlləsindən, bu Qanundan, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.
II Fəsil
Dövlət Reyestrinin formalaşdırılması, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydası
Maddə 4. Dövlət Reyestrinin informasiya sistemi
4.1 Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
4.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və ondan istifadə edilməsi informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq mühafizə vasitələri ilə qorunur.
4.3. Dövlət Reyestrinin aparılmasının milli informasiya məkanında istifadə olunan vahid informasiya texnologiyaları və təhlükəsizlik standartlarının, linqvistik, hüquqi, təşkilati və elmi-metodoloji prinsiplərin tətbiqinə əsaslanması onun digər dövlət informasiya ehtiyatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.
4.4. Dövlət Reyestrinin informasiya sistemi, habelə bu sistemin mühafizə vasitələri müəyyən edilmiş qaydada sertifikatlaşdırılır.
4.5. Dövlət Reyestrinin informasiya sisteminin yaradılması üzrə fəaliyyətin əlaqələndirilməsi və onun istifadəsi zamanı metodik və normativ tələblərə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 5. Dövlət Reyestrinin tərkibi

5.0. Dövlət Reyestri aşağıdakılardan ibarətdir:
5.0.1. Azərbaycan Respublikasının vətəndaşları barədə məlumatlar;
5.0.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər barədə məlumatlar;
5.0.3. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
5.0.4. Dövlət Reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular barədə məlumatlar).

[