Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. onkoloji yardım – bədxassəli şişlərin vaxtında aşkar olunmasına, profilaktikasına, müayinəsinə və müalicəsinə yönəldilmiş elmi-tibbi tədbirlər;
1.0.2. onkoloji xəstə - tam müayinə olunmuş və morfoloji üsullarla bədxassəli şiş diaqnozu təsdiq edilmiş şəxs;
1.0.3. onkologiya – bədxassəli şişlərin əmələ gəlmə səbəblərini, inkişaf mexanizmlərini, klinikasını, diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb və biologiya sahəsi;
1.0.4. bədxassəli şiş – infiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə;
1.0.5. həkim-onkoloq – onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis;
1.0.6. terminal mərhələ – onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizminin funksiyalarının tükənməsi;
1.0.7. sitoloji müayinə – orqan və toxumalardan alınmış preparatlarda olan hüceyrə elementlərinin mikroskopik üsullarla tədqiqi.

Maddə 2. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Qanunun tətbiq dairəsi

Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə təşkilati-hüquqi formasından asılı olmayaraq onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə şamil edilir.

Maddə 4. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri və onların həyata keçirilməsi prinsipləri

4.1. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini nəzərdə tutur.
4.2. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
4.3. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
4.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir.

[