Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Ədliyyə orqanlarında qulluq keçmə

1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.

Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları

2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
2.2. Ədliyyə orqanlarında qulluğa qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna girmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları nəzərə alınmaqla bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Qanunun tətbiqi sahəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir.
3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3.3. Ədliyyə orqanlarında işləyən şəxslərə bu Qanunla nəzərdə tutulmuş təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.
II fəsil
Ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi
Maddə 4. Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydaları

4.1. İrqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
4.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
4.3. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.
4.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.
4.5. Ədliyyə orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.
4.6. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər bir qayda olaraq müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər. Ali hüquqi təhsil tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.7. Dövlət notarius vəzifəsinə, tədris və məhkəmə ekspertizası idarələrinə qəbul qaydaları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
4.8. Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.
4.9. Penitensiar xidmətə qulluğa qəbulun xüsusiyyətləri bu Qanunun 34-cü maddəsi ilə müəyyən edilir.

[