Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.

I Fəsil
Ümumi müddəalar

Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi

Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Maddə 2. Əsas anlayışlar

2.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. əmanət - hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir;
2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
2.1.2.3. qeyri - qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;
2.1.2.6. cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
2.1.2.9. ödəniş müddətlərinin başa çatıb - çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.
2.1.3. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
2.1.4. Əmanətçi - bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.
2.1.5. Qorunan əmanətçi - aşağıdakılar istisna olunmaqla bankda əmanəti olan fiziki şəxsdir:
2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.
2.1.6. İştirakçı bank - bu Qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.
2.1.7. Birgə əmanət hesabı - iki və ya daha çox fiziki şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.
2.1.8. Sığorta haqları - bu Qanunla müəyyən edilmiş qaydada iştirakçı bankın Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.
2.1.9. Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəlikərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Milli Bank tərəfindən təsdiq edilməsidir.
2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün - bu Qanuna müvafiq olaraq Milli Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.
2.1.11. Kompensasiya - sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

[