Bu Qanun Azərbaycan Respublikasında coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. coğrafi obyektlər - təbii və antropogen mənşəli, bütöv və nisbətən sabit ərazi törəmələri: materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar, yarımadalar, dağlar, zirvələr, meşələr, çaylar, göllər, buzlaqlar, səhralar, vulkanlar və digər təbiət obyektləri; milli parklar, təbiət qoruqları və bu kimi digər obyektlər; şəhərlər, rayonlar, şəhər rayonları, qəsəbələr və kəndlər; hava və dəniz limanları, dəmiryol stansiyaları;
1.0.2. coğrafi obyektlərin adları - coğrafi obyektlərin tanınması və bir-birindən fərqləndirilməsi məqsədi ilə onlara verilən adlar;
1.0.3. coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi - coğrafi obyektlərin mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi;
1.0.4. coğrafi obyektin adının dəqiqləşdirilməsi - coğrafi obyektin daha çox istifadə edilən adının seçilməsi və həmin adın yazılışının Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğunlaşdırılması;
1.0.5. ekzonim - Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən fərqli olan forması.

Maddə 2. Coğrafi obyektlərin adları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Qanunun əhatə dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa cür nəzərdə tutulmayıbsa, Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması üzrə fəaliyyətə şamil edilir.
3.2. Bu Qanun habelə digər dövlətlərin ərazisində yerləşən coğrafi obyektlərin, eləcə də hər hansı dövlətin suverenliyinin və yurisdiksiyasının şamil edilmədiyi coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı münasibətləri tənzimləyir.
3.3. Azərbaycan Respublikasının ərazi vahidlərinə (şəhərlərə, rayonlara, şəhər rayonlarına, qəsəbələrə və kəndlərə) adların verilməsi və onların adlarının dəyişdirilməsi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinə adların verilməsi və onların adlarının dəyişdirilməsi bu Qanunun 5-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 4. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri

4.0. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
4.0.1. coğrafi obyektlərin adları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsi;
4.0.2. coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilməsinin və dəqiqləşdirilməsinin təmin edilməsi;
4.0.3. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılmasının təşkili;
4.0.4. coğrafi obyektlərin adları lüğətlərinin və soraq kitablarının nəşrinin təşkili;
4.0.5. Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılmasının təşkili;
4.0.6. coğrafi obyektlərin adları ilə bağlı dövlət proqramının hazırlanması və qəbulu;
4.0.7. coğrafi obyektlərin adları sahəsində görüləcək işlərin maliyyələşdirilməsi qaydasının müəyyənləşdirilməsi;
4.0.8. coğrafi obyektlərin adlarının işlənməsində bu Qanunun tələblərinə riayət olunmasının təmin edilməsi;
4.0.9. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılması qaydasının, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblərin, Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydalarının, coğrafi obyektlərin adları sahəsində vahid norma və qaydaların müəyyənləşdirilməsi;
4.0.10. coğrafi obyektlərin adları və ekzonimlərlə bağlı vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi;
4.0.11. coğrafi obyektlərin adları sahəsində digər məsələlər.

[