Qanun Azərbaycan Respublikasında heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.



I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. damazlıq heyvandarlıq - kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi;
1.0.2. damazlıq işi - kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi, mövcud heyvan növləri və cinslərinin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması, damazlıq heyvanların sayının artırılması üçün həyata keçirilən kompleks təşkilati-təsərrüfat tədbirləri;
1.0.3. damazlıq heyvan - mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvan;
1.0.4. heyvan cinsləri - eyni mənşəyə və seleksiya strukturuna malik, öz morfoloji və təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu;
1.0.5. damazlıq ehtiyatı (məhsulu, materialı) - damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri və embrionları;
1.0.6. cins heyvanların damazlıq özəyi - heyvan cinslərinin damazlıq təsərrüfatlarda qiymətli genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar qrupu;
1.0.7. damazlıq heyvanların bonitirəsi - heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının müəyyən edilməsi məqsədilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi;
1.0.8. damazlıq heyvanların təmiz cinsli yetişdirilməsi - eyni cinsdən olan heyvanların müsbət xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən nəslə ötürmək məqsədilə yetişdirilməsi;
1.0.9. damazlıq heyvandarlıq təsərrüfatları - damazlıq heyvanların yetişdirilməsi və saxlanması, onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və fiziki şəxslər;
1.0.10. dövlət damazlıq kitabı - damazlıq heyvanların mənşəyinin, eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyatı sənədi;
1.0.11. damazlıq heyvanların dövlət reyestri - damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi;
1.0.12. damazlıq heyvanların identikləşdirilməsi - müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemi.

[