Bu Qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar



Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. biometrik informasiya - identifikasiya və verifikasiya məqsədi ilə informasiya sistemlərində toplanılan, saxlanılan, işlənilən və ötürülən biometrik məlumatlar;

1.1.2. biometrik məlumatlar - identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar;

1.1.3. biometrik informasiya ehtiyatı - fərdi məlumatların informasiya ehtiyatlarının tərkibində biometrik məlumatlar olan resurslar;

1.1.4. biometrik məlumatların subyekti - barəsində biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi həyata keçirilən identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs;

1.1.5. biometrik texnologiyalar - informasiya prosesləri zamanı istifadə edilən biometrik məlumatlarla əlaqədar olan informasiya texnologiyaları;

1.1.6. biometrik identifikasiya - biometrik informasiya ehtiyatında verilmiş biometrik məlumatın mənsub olduğu şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;

1.1.7. biometrik verifikasiya - verilmiş biometrik məlumatla biometrik informasiya ehtiyatında olan biometrik məlumatın müqayisəsi üzrə tədbirlər;

1.1.8. biometrik informasiya xidmətləri - biometrik informasiya ehtiyatlarının müəyyən olunmuş istiqamətlərdə toplanılması, işlənilməsi və mübadiləsi üzrə fəaliyyət.

1.2. Bu Qanunda istifadə olunan “informasiya”, “informasiya prosesləri”, “informasiya texnologiyaları”, “fərdi məlumatlar”, “fərdi identifikasiya nömrəsi (FİN)” və digər anlayışlar informasiyanın toplanılması, işlənilməsi, mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş mənalarda istifadə olunur.

Maddə 2. Biometrik informasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Biometrik informasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası Azər¬baycan Respublikasının qanunu ilə müəyyən edilir.

II fəsil. Biometrik informasiya ehtiyatları və biometrik texnologiyalar

Maddə 3. Biometrik informasiya ehtiyatlarının formalaşdırılması

3.1. Biometrik informasiya ehtiyatları milli informasiya məkanının fərdi məlumatlar üzrə seqmentinin tərkib hissəsidir və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada formalaşdırılır.

3.2. Biometrik məlumatlar aşağıdakı fəaliyyət sahələri üzrə toplanılır:

3.2.1. şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi;

3.2.2. miqrasiya və sərhəd nəzarəti;

3.2.3. informasiya təhlükəsizliyinin təmin edilməsi və elektron imza vasitələrinin qeydiyyatı;

3.2.4. kəşfiyyat , əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti;

3.2.5. fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri;

3.2.6. milli DNT məlumat bankının formalaşdırılması;

3.2.7. ictimai asayişin qorunması və xüsusi rejimli obyektlərin mühafizəsi;

3.2.8. cinayət təqibi.

Maddə 4. Biometrik informasiya ehtiyatlarının formalaşdırılmasının əsas prinsipləri

4.1. Biometrik informasiya ehtiyatlarının formalaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq, könüllülük və məcburiliyin uzlaşması prinsiplərinə müvafiq həyata keçirilir.

4.2. Biometrik məlumatların toplanılması, işlənilməsi, istifadəsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.

Maddə 5. Biometrik texnologiyalara dair tələblər

5.1. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

5.2. Toplanılan biometrik məlumatların formatına tətbiq olunan normativ-texniki tələblər bu sahədə Azərbaycan Respublikasında istifadə olunan milli və beynəlxalq standartlar əsasında müəyyən edilir. Tətbiq olunan biometrik texnologiyalar, onların təminat və mühafizə vasitələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılır, ekspertizadan keçirilir.

[