Ümumi müddəalar

Maddə 1. İctimai televiziya və radio yayımının məqsədi

İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Maddə 2. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, bu qanunun tələblərinə uyğun olaraq hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir. 2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanundan fərqli qaydalar müəyyənləşdirilərsə, həmin beynəlxalq hüquq normaları tətbiq olunur.

Maddə 3. İctimai yayım xidmətinin prinsipləri

3.0. İctimai yayım xidməti aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir: 3.0.1. müstəqillik; 3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü; 3.0.3. plüralizm və dözümlülük; 3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma; 3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi; 3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi; 3.0.7. universallıq; 3.0.8. rəngarənglik; 3.0.9. başqalarından fərqlənmə.

[