Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib. Reytinq cədvəlində ikinci yeri Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur. Bu kitab 900 milyon nüsxə nəşr olunub. C. R. Tolkinen “Üzüklərin hökmdarı” əsəri siyahıda üçüncü yeri tutsa da, bu əsərin hansı tirajla çap olunduğu açıqlanmır. Ginnes mütəxəssisləri reytinq cədvəlini hazırlayarkən müqəddəs Quranın tiraj göstəricilərini nəzərə almayıblar, buna səbəb İslamın müqəddəs kitabının ümumi tirajı haqqında dəqiq məlumatların olmamağıdır. Reytinq cədvəlində növbəti yerləri Noy Vebsterin “Amerika hüsnxət sorğu kitabı” (“American Spelling Book”) – 100 milyon nüsxə, Ginnesin rekordlar kitabı – 100 milyon nüsxə, “Ümumdünya illik almanaxı” (World Almanac) – 80 milyon nüsxə, Uilyam Holmsun “Makqaffi uşaq oxu antologiyası” (McGuffey Readers) – 60 milyon nüsxə, Bencamin Spokun “Uşağa qulluq qaydalarının əsasları” – 50 milyon nüsxə - kitabı tutur. Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş “Da Vinçi kodu” əsəri 43 milyon tirajla ən populyar kitablar siyahısında 9-cu yerdədir. Siyahını 40 milyon tirajla Elbert Xabbardın “Qarsiyaya məktub” əsəri tutur. Ginnes mütəxəssislərinin bu siyahını hansı prinsiplər əsasında hazırlaması məlum deyil. Məsələn, Harri Potter seriyasından olan kitabların müəllifi Coanna Roulinqin adı və əsərləri reytinq siyahısına daxil edilməyib. Coanna Roulinqin bu seriyadan son kitabı satış həcminə və sürətinə görə dünya rekordu müəyyənləşdirib. Satışa çıxarıldıqdan keçən 24 saat ərzində ABŞ və Böyük Britaniyada bu kitabın 9 milyon nüsxəsi satılıb, bundan əlavə nəşriyyat internet mağazalar vasitəsilə 1 milyon nüsxə sifariş alıb. Tələbatın artdığını nəzərə alan “Sxoalastik” nəşriyyatı Qarri Porter seriyasından son kitabın tirajını 10.8 milyon nüsxədən 13.5 milyon nüsxəyədək artırmalı olublar. Ümumilikdə isə sehrbazlar məktəbinin şagirdi olan Harri Potter haqqında kitabların ümumi tirajı 250 milyon nüsxədən artıqdır. Bu əsərlər 60 dilə tərcümə olunaraq 200-dən artıq ölkədə nəşr olunub. Antuan Sent de-Ekzüperinin “Balaca şahzadə” əsəri isə 500 dəfədən artıq təkrarən nəşr olunub. 180 dilə tərcümə edilmiş bu əsərin ümumi tirajı 80 milyon nüsxəyə yaxındır. Fransada 100 ən populyar kitab reytinqində “Balaca şahzadə” əsəri üçüncü yeri tutur.