Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyası istifadəyə verilib.
iyunun 14-də təşkil olunan açılış mərasimində Teleradio Akademiyası üçün qısa müddət ərzində müasir standartlara cavab verən maddi-texniki bazanın yaradıldığı bildirilib. Azərbaycan Radiosunun binasında yerləşən Akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb.
Xatırladaq ki, Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün Akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulub. Tədrisin 2010-cu ilin sentyabr ayından başlanması planlaşdırılır.
Teleradio Akademiyasının rektoru Etibar Babayevdir.