Aygün Kazımova Ədalət Şükürovla Tünzalə Ağayevanın cavabını verdi

Dünən media əhlini bir araya toplayan Aygün Kazımova növbəti klipini təqdim etdi. Söhbət müəllifləri sirr saxlanılan «İstərəm» adlı bəstəyə rejissor Fuad Əlişovun çəkdiyi ekran əsərindən gedir.

Fəlsəfi-dramatik üslublu klipdə bir ailənin itkisindən, nisgilindən söhbət gedir. Evin xanımı dünyasını dəyişir, həyat yoldaşını tənha, övladlarını yetim qoyur. Amma həyatda xeyirxah, qayğıkeş olan qadın hətta vəfatından sonra da ailəsini pisliklərdən qoruyur. Qadının ruhu daim ərinin, oğlu və qızının ətrafında dolaşır, hər bir işlərində onlara yardımçı olur. Onlar bunu duymasalar belə...

Qeyd edək ki, media mənsubları Fuad Əlişovun işini müsbət qarşıladılar. Aygün Kazımova klipdəki hadisələrin real həyatdan götürüldüyünü dedi: «Həqiqətən də bir ailənin başına belə bir iş gəlib. Evin xanımı cavan rəhmətə gedib, onun həyat yoldaşı, uşaqları çox əzab çəkiblər. Fikirləşdim ki, həmin real hadisəni klipə köçürək. Bu haqda Fuada deyəndə ssenarini yazıb gətirdi, çox bəyəndim. Biz klipdə dəyişiklik etdik, guya öləndən sonra da qadının ruhu öz əzizlərinə kömək edir. Bilirsinizmi, həyat təkcə xoşbəxt anlardan, şənliklərdən, bayramlardan ibarət deyil. Hər kəsin qəlbində ağrı-acı, kədər var. Bu mahnının da söz və musiqisi məhz insanın qəlbindəki ağrı-acını oyadır, onu kövrəldir, duyğulandırır. Məncə, bu bəstəyə məhz belə kövrək bir klip çəkilməli idi».

Təbii ki, mətbuat konfransında hər kəsi Aygün Kazımovanın hansı səbəbdən mahnının müəlliflərinin adını sirr saxladığı maraqlandırırdı. Lakin müğənni bu sirrin ona deyil, məhz şairə və bəstəkara (onların hər ikisi qadındır) aid olduğunu vurğuladı. Nə bilmək olar, bəlkə mahnını elə Aygün özü yazıb? «Yox, mən yazmamışam. Ancaq mən onları başa düşürəm, çünki bu, müəlliflərin ilk işidir. Onlar mahnının qəbul olunmayacağından narahatdır. Mən də ilk dəfə mahnı bəstələyəndə belə həyəcanlı idim, istəmirdim bu haqda kimsə bilsin. Bax, indi də bu barədə danışanda tüklərim biz-biz olur».

Xatırladaq ki, «İstərəm» Aygün Kazımova ilə Fuad Əlişovun «Öpsəm»dən sonra növbəti birgə layihəsidir. Klipdə əsas rollardan birini «Şəklini çəkə-çəkə» klipində Aygünün «hədəfi» olan Rus Dram Teatrının aktyoru Fuad Osmanov ifa edir. Qrafika effektlərindən istifadə olunan ekran əsərində al rənglər diqqəti çəkir.

Tamam fərqli bir janra müraciət edən A.Kazımova klipin seviləcəyinə əmindir: «O vaxt üzərimdə keçirilən plastik əməliyyatı klipə köçürmüşdüm. Yadımdadır, narkozdan ayılandan sonra həkimdən soruşdum ki, Fuad Əlişovla Ülviyyə Könül hardadır? Həkim də qayıtdı ki, onlar hələ özlərinə gəlməyiblər. Dediyim odur ki, tamaşaçılar məni hər ampluada görə bilərlər, buna hazır olsunlar».

Mətbuat konfransında Aygün Kazımova Hollivud səfərinə hazırlıqların yüksək səviyyədə getdiyini də dedi. Qeyd etdi ki, bu yaxınlarda ingilis dili kursuna gedəcək. Həmkarımın «hələ ingilis dilini öyrənməyə başlamamısınız» sualını Aygün təəccüblə qarşıladı: «Mənim üçün vaxt problem deyil. Hətta bir həftəyə ingilis dilində tam danışmağı öyrənərəm. Müəllimim Cavanşir Quliyev demişkən, mən plastilinəm, hansı formaya desən, düşürəm».

İyunda T.Bəhramov adına stadionda keçirəcəyi konsertə gəlincə isə Aygün dəqiq tarix söyləmədi. Dedi ki, konsert 10-15 iyun ərəfəsində baş tutmalıdır. Əvvəlcədən dediyi kimi, konsertdə onu «Todes» balet qrupu deyil, Gürcüstanın məşhur balet qrupu müşayiət edəcək. Müğənni səhnəyə İtaliyadan gətirdiyi geyimlərdə çıxacaq.

Xatırladaq ki, ötən saylarımızda Aygün Kazımovanın mayın 21-də Moskvanın «Kreml» sarayında keçiriləcək konsertdə iştirakdan imtina etdiyi barədə məlumat vermişdik. Bu məsələyə də toxunan müğənni bütün günahı təşkilatçının üstünə yıxdı. Dedi ki, Moskva səfərində konsertin siyahısını birgə tərtib etsələr də, şərtlər barədə razılığa gəlməyiblər: «Moskvadan mənə xəbər gəldi ki, artıq konsertin afişaları vurulub, biletlər satılır. Əsasən də afişaları mənim şəkillərim bəzəyir. Mən də təşkilatçı Elnura zəng vurdum ki, axı biz hələ şərtləri razılaşmamışıq. O da dedi ki, bu yaxınlarda Bakıya gələcəyəm, oturub şərtləri müzakirə edərik. Gəldi, Bakı Əyləncə Mərkəzində görüşdük və ona öz şərtlərimi söylədim. Dedim ki, əgər Rusiyanın ən böyük konsert salonu olan «Kreml» sarayının səhnəsinə yenidən çıxacağamsa, təbii ki, öz ansamblımı aparmalıyam, «Todes» balet qrupu ilə çıxış etməliyəm. Bizim də qonorarımız filan qədər olacaq. O da dedi, yox, mən sizə qonorar verə bilməyəcəyəm. Elə oldu ki, onunla anlaşa bilmədik, tələblərimi qəbul etmədiyi üçün konsertdən imtina etdim. Bilirsinizmi, mən ayaqqabılarımı götürüb gedib «Kreml»də 15 mahnı fonoqram oxuya bilmərəm. Bu, özümə, sənətimə, orada yaşayan həmvətənlərimə qarşı hörmətimdən irəli gəlir».

Bir müddət öncə Aygün Kazımovanın Ədalət Şükürov və Tünzalə Ağayeva ilə aralarında qalmaqal baş vermişdi. Bəlkə təşkilatçının müğənninin şərtlərini qəbul etməməsi məhz həmin qalmaqalla bağlıdır? Axı adıçəkilən müğənnilər də bu konsertdə çıxış edəcəklər. Bundan əlavə, Ədalət telekanallardan birinə verdiyi müsahibədə deyib ki, «biz hər birimiz konsertdə 15 mahnı, Aygün Kazımova isə 3 mahnı oxuyacaq»…

A.Kazımova həmkarının fikrini «bu, çox gülməlidir» deyə cavablandırdı: «Konsertdə mənim üçün 1 saatdan çox vaxt ayrılmışdı. Əgər mənim onlarla problemim olsaydı, adlarını heç proqrama salmazdım. Mənim problemim təşkilatçı ilə yaşanıb. Onların adını çəkib reklam etmək istəmirəm. Sadəcə olaraq həmin həmkarlarıma bir sözüm var: «Komu vı Kreml pokazıvayete?» Mən «Kreml» sarayında 2 dəfə konsert vermişəm».

Sonda Aygün Kazımova bu məsələnin axırına qədər gedəcəyinə söz verdi: «Bəlkə də həmin müğənnilərin heç nədən xəbərləri yoxdur, aranı qatan elə təşkilatçıdır? Belədirsə, onun hansı məqsədlə bunu etdiyini aydınlaşdıracağam».

Ülviyyə SABİRQIZI