Xalq artisti Brilliant Dadaşovanın yaradıcılıq gecəsi keçiriləcək. Bu iş fevralın əvvəllərində Dövlət Muğam Teatrında baş tutacaq. Bu barədə Muğam Teatrının direktoru Arif Qazıyev xəbər verib.

Teatrın direktoru gecənin dəqiq vaxtının Brilliant Dadaşova Türkiyədən qayıtdıqdan sonra müəyyənləşəcəyini bildirib: "Yaradıcılıq gecəsinin ssenarisi təxminən hazırdır. Tədbirdə Brilliant xanım özü də sevilən mahnılarını ifa edəcək. Bəstəkar Arif Məlikov müğənninin yaradıcılığı barədə söhbət açacaq. Qeyd edim ki, Brilliant Dadaşova Arif müəllimin mahnısını ifa etməklə yanaşı, onunla ailəvi dostdur və bəstəkar bu səbəbdən əsas çıxışı öz üzərinə götürüb. Gecədə müğənninin sənət yoldaşlarının da çıxışı və ifası olacaq".

Direktorun sözlərinə görə, Brilliant Dadaşovanın yaradıcılıq gecəsinə Türkiyədən də qonaqlar gələcək. Arif Qazıyev Muğam Teatrında təşkil ediləcək növbəti tədbirlər barədə də məlumat verib. O bildirib ki, il ərzində Müslüm Maqomayevin, Hacıxan Məmmədovun, Qulu Əsgərovun, İslam Rzayevin, Əlibaba Məmmədovun və digər sənətçilərin xatirə və yaradıcılıq gecələrini keçirmək planlaşdırılır.

Ayna