Türkiyədə istirahətdən qayıdan Elariz 2010-cu il üçün ilk mahnısını yazdırıb. Sözləri Rəsmiyyə Sabirin, musiqisi Nadir Əzimovun olan "Ömür boyu" adlı mahnını solo yox, duet şəklində pərəstişkarlarına ərməğan edəcək. Elarizin duet ortağı isə gənc həmkarı, "Azəristar-2008" mahnı müsabiqəsinin iştirakçısı Yaqut Nərimandır. Elariz öz auditoriyasına Yaqutu protejesi kimi təqdim edəcək. Müğənni onun bu ideyasının bir neçə həmkarını qıcıqlandıracağını əminliklə vurğuladı:

"Bəzi həmkarlarım özlərini piar etmək üçün dəfələrlə mənim adımdan istifadə ediblər. Onları narahat edən mənim onlara cavab vermədiyimdir. Ona görə də hiddətlərini hər gün çoxaldırlar. Mənim yeni ideyam onları daha da qıcıqlandıracaq. Çünki böyük sənətkarların dəstəyini görürəm və hər dəfə yeni təkrarsız ideyalarla çıxış edirəm. Qalmaqala isə əhəmiyyət vermirəm. Buna görə də böyük bir publikanın rəğbətini qazanmışam".

Yaqut xanımın onun ilk protejesi olduğunu deyən Elariz gənc həmkarının istedadına inandığı üçün bu addımı atdığını bildirdi.

"Bu gün gənc sənətçilərin dəstəyə ehtiyacı var. Əgər onların əlindən tutmasaq, özümüzə qarşı ikrah hissini oyada bilərik. Mən üzərimə düşən addımı atdım və Yaquta hər zaman dəstək olacağıma inanıram. O, mahnı seçimi, səhnəyə çıxışı və s. yaradıcılıq işlərində mənim dəstəyimi hiss edəcək. Eyni zamanda onu dedi-qodulardan, yad təsirlərdən qorumağa çalışacam. Bilirəm ki, onun uğuru ilə barışmayıb, ayağının altını qazmaq istəyənlər tapılacaq. Belə hallarda mən qarşı tərəfi susdurmaq üçün əlimdən gələni edəcəyəm".