İş adamı Telman İsmayılovun Türkiyədə tikdirdiyi "Mardan Palace" otelində Yeni il bayramı günlərində bir neçə dünya ulduzu ilə bir səhnəni bölüşən əməkdar artist Tünzalə Ağayevanın Toni Brekstonla görüşə bilmədiyi bildirilir. Gəzən söhbətlərə görə, müğənnini başqa ölkəyə aparan səbəblərdən biri məhz bu görüş şansı olub. Lakin müğənni dəvəti bu niyyətlə qəbul etmədiyini söyləyir:

"Əvvəla bildirim ki, Yeni il bayramına həsr olunan konsert proqramında Rusiyadan Layma Vaykule, Türkiyədən Tarkan, Azərbaycandan isə mən olmuşam. Əvvəlcədən məşhur ulduz Toni Brekstonun iştirakının gözləndiyi deyilsə də, bu baş tutmadı. Mənim onunla görüşməyim, təbii ki, xoş olardı. Amma bu olmadı".

Səfərinə don geyindirənlərə gəlincə, müğənni tanınmış ulduzlarla bir səhnəni bölüşməyi normal qəbul etdiyini bildirdi. Onun fikrincə, Azərbaycan müğənnilərinin dünya ulduzları ilə bir səhnədə çıxış etmələrini hadisəyə çevirmək lazım deyil. Ona görə ki, bizim torpaq çox istedadlı ifaçılar yetişdirir.

"Mən məşhurlarla bir səhnəyə kimisə inandırmağa görə çıxmamışam. Sadəcə, bu bir təklif idi və mən onu qəbul etdim. Qismət olsun, yaxın günlərdə bir neçə Avropa ölkəsinə səfərlərim olacaq". Son zamanlar pop musiqisindən daha çox caz janrına üstünlük verən ifaçı dinləyicisinin maraq dairəsini genişləndirməyin vacib olduğunu bildirdi. Onun fikrincə, əgər ifası buna imkan verirsə, niyə başqa janrlarda oxumasın?

"Bu gün mahnı bazarında qalmaq üçün bəstəkar mahnıları oxumaq mütləqdir. Amma biz pop musiqisindən caza tədricən keçirik. Bu, həm də auditoriyamı genişləndirmək üçün atılan bir addımdır. Eyni zamanda dünya dinləyicisinin marağını bu gün oxşayan janrlardan biri cazdır. Amma bunu təqdimata peşəkar səviyyədə çıxartmaq lazımdır", - deyə müğənni bildirdi.