Növbəti albomunu satışa çıxaran müğənni Yeganə də piratların təsirinə məruz qalıb. Onun Türkiyədə işıq üzü görən albomunun saxta nüsxələri satışa buraxılıb. Bu hadisə müğənni Bakıda olarkən baş verib. O, öz doğma Vətənində albomunun saxta surətinin satışından xəbər tutub.

Xatırladaq ki, albom ötən ilin oktyabrında Türkiyənin tanınan səsyazma studiyalarının birində "Aşkkolik" adı ilə buraxılmışdı. Topludakı mahnılar 2010-cu ilin buraxılışı adı ilə həm əyləncəli internet saytlarında, həm də pirat albom kimi satışa çıxarılıb.

Məsələyə münasibət bildirən müğənni albomun konkret kimlər tərəfindən saxtalaşdırıldığını müəyyən edə bilmədiyini söylədi. Amma asan yolla qazanc əldə etmək istəyən şəxslərin ünvanına sərt ifadələr işlətməklə, onların əməlini cinayət adlandırdı:

"Bu hadisə mənə çox pis təsir edib. Çünki hər bir sənətçi aylarla, bəzən illərlə musiqi albomlarının ərsəyə gəlməsində əziyyət çəkir. Ancaq bəzi işbazlar kiminsə çəkdiyi zəhməti bir gecənin içində çox asanlıqla mənimsəyir. Bu, haqsızlıqdır. Bunu, sadəcə, piratçılıq yox, həm də cinayət işi adlandırmaq olar. Çox qəribə situasiyadır ki, sənin zəhmətini icazə almadan, asanlıqla mənimsəyirlər. Eyni zamanda işin səviyyəsini aşağı salırlar. Bir neçə gündür rastlaşdığım satış mərkəzlərində və internet ünvanlarında həmin mahnıların keyfiyyətsiz səsləndirilməsinin şahidi olmuşam. Pirat disklərin keyfiyyəti də aşağıdır. Hər müğənni piratların müdaxiləsi ilə barışa bilmir. Etirazını bildirir. Amma bizim çıxışlarımız məsələni xeyrimizə yönəltmir. Həm də onlarla təkbaşına mübarizə aparmaq çox çətindir. Belə insanlar söz təzyiqinə məhəl qoymurlar. Belə olan təqdirdə, mənim hələlik yeganə çıxış yolum qalıb. Üzümü dinləyicilərimə tutub, rica edirəm, bu cür saxta albomları əldə etməsinlər. Saxta ilə orijinal diski ayırd etmək çox asandır. Bu səbəbdən də albom seçərkən yanılmasınlar. Əgər onlar saxta nüsxələrə üstünlük versələr, həm bizim əməyimizi yerə vurur, həm də piratların bazarını genişləndirir".

Albomunu saxtalaşdıran insanlara halallıq vermədiyini açıq şəkildə bildirən Yeganə xanımın son sözləri bu oldu:

"Bilirəm ki, məsələni məhkəmədə həll etmək çıxış yolu deyil. Mən başqa üsula əl atmaq fikrindəyəm. Amma bunun nədən ibarət olduğunu açıqlaya bilməyəcəm".