Azərbaycanı "Eyrovision-2009" mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə bu il eyni müsabiqənin seçimlərinə qatılan iştirakçılar barədə fikir söyləyib. Əvvəlcə hər bir iştirakçıya uğur diləyən Aysel 6 iştirakçıdan heç birinin adını xüsusi vurğulamayıb:

"Hələlik ad çəkmək istəmirəm. Sadəcə, hər birinə uğur diləyirəm. Onlara mənəvi kömək olmağa hazıram".

Gənc müğənnidən seçilən 6 namizədin hansını bəyənib-bəyənmədiyini xəbər alanda, hər birinin maraqlı olduğunu bildirdi və konkret ad çəkmək istəmədi:

"Hərəsi ayrı-ayrılıqda ifa tərzinə malikdirlər. İnanıram ki, qısa zamanda hər biri özünün tamaşaçı auditoriyasını toplaya bilib və həmin auditoriya fevralın 2-də keçiriləcək yarımfinalda onları dəstəkləyəcək. Həmin gün onları bütün dünya izləyəcək. Hər namizədin üzərinə böyük məsuliyyət düşür. Ona görə də çıxışlarına xüsusi ilə yanaşmalı, böyük məharət nümayiş etdirməlidirlər. Ən yaxşı iştirakçı yarımfinalın qalibi adını qazanacaq".

Məlumat üçün bildirək ki, "Eyrovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün 6 namizəddən biri seçiləcək. 2 fevral tarixində "Buta Palace"da seçim turunda "Eyrovision-2010"un təmsilçisi bəlli olacaq. 6 namizəd arasında Safura Əlizadə, Azad Şabanov, "Milk& Kisses" qrupu, Məryəm Şabanova, Elli Miçiyeva, Ülviyyə Rəhimovanın adları var.