Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova çıxışlarında teatrın durumundan yorulmadan danışır. Aktrisa söhbətində teatrın dirçəlməyə doğru getdiyini bildirsə də, problemlərin mövcudluğunu da inkar etmir: "Teatrda heç vaxt yüksək qazanc olmayıb. Qazandığımız yalnız mənəviyyat olub. Bəzən aktyorluq peşəsini çoxlu pul qazanmaq məqsədi ilə də seçənlər olub. Hətta məndən sonra özəl teatr açmaq istəyənlərin sayı artdı. Amma görəndə ki, işlədə bilmirlər, bu niyyətdən vaz keçdilər. Mənə elə gəlir ki, işə birinci qazanc niyyəti ilə yanaşmaq doğru seçim deyil. İnsan öncə mənəvi varlığı düşünməlidir. Eyni zamanda teatra dövlət yardımı vacibdir. Hərdən bəziləri deyir ki, teatr özü-özünü dolandıra bilər. Bu mümkün deyil. Bizdə bilet satışı ilə böyük bir sənət ocağını yaşatmaq reallıqdan uzaqdır. Əgər teatra dövlətin diqqəti yoxdursa, onda dilimiz də, mənəviyyatımız da, tariximiz də, mədəniyyətimiz də puç olacaq. Rusiya, Türkiyə, Amerika və ya başqa ölkələrə nəzər salın. Orada dövlət tərəfindən dəstəklənən teatrlar yüksək səviyyədə inkişaf edir və millətin mədəniyyətini, tarixini yaşatmağa qadir olur.