“Bütün musiqisevərlərə üzümü tutub xahiş edirəm ki, bu cür albomları əldə etməsinlər”

Azərbaycanla yanaşı, qardaş Türkiyə şou-biznesində öz nüfuzunu möhkəmləndirən populyar estrada müğənnisi Yeganə Bakıda olduğu müddətdə xoşagəlməz sürprizlə qarşılaşıb.


Belə ki, ötən ilin sonlarında Türkiyənin səsyazma studiyalarının birində nəfis tərtibatla işıq üzü görən “Aşkkolik” albomumdakı mahnılar, 2010-cu ilin buraxılışı kimi, həm əyləncəli internet saytlarında, həm də pirat albom kimi satışa çıxarılıb.


Fakta münasibət bildirən müğənni məsələdən xəbərsiz olduğunu deyib və bu addımı atan bəzi işbazların ünvanlarına olduqca sərt ismarıc göndərib: “Bu hadisə mənə çox pis təsir etdi. Çünki təkcə mən yox, bütün həmkarlarım aylarla, bəzən illərlə musiqi albomlarının ərsəyə gəlməsində çox əziyyət çəkirik. Ancaq bəzi işbazlar, kiminsə çəkdiyi zəhməti bir gecənin içində çox asanlıqla yerə vururlar. Məncə, bu haqsızlıqdır. Bu, pirat yox, əməlli başlı cinayətdir. Axı necə ola bilər ki, heç bir icazə almadan, albomuma daxil olan mahnılar internet saytlarında, eləcə də keyfiyyətsiz bir şəkildə yığma disklərdə toplanılır? Etiraf edirəm ki, bu cür işbazlarla təkbaşına mübarizə aparmaq həddindən artıq çətindir. Bunun qarşısını almaq qeyri-mümkündür. Ona görə üzümü pərəstişkarlarıma və bütün musiqisevərlərə tutub xahiş edirəm ki, bu cür albomları əldə etməsinlər. Çünki bu cür diskləri əldə etməklə, sevimli dinləyicilərimiz, istəmədən əməyimizi mənimsəyən həmin oğrulara dəstək olmuş olurlar”.

Müğənni sonda xüsusi olaraq onu da vurğulayıb ki, albomundan oğurluqla pul qazanan insanlara halallıq verməyəcək. Yeganə məhkəmə qapılarını döyməyinin də heç bir nəticə verməyəcəyini əsas gətirərək, mübarizə üçün başqa vasitələrə əl atacağını bildirib. Amma müğənni həmin vasitənin nədən ibarət olduğunu indidən açıqlamaq istəməyib.


Yazının yanında verdiyimiz foto isə piratlar tərəfindən hazırlanmış albomun üz qabığıdır. Bu cür üz qabığı olan “Aşkkolik” diskini almamaq rica olunur.

Xatırladaq ki, Yeganənin çox keyfiyyətli “Aşkkolik” adlı albomu 2009-cu ildə Türkiyənin məşhur “TMP” musiqi şirkətində hazırlanıb. Albomda azərbaycanlı sənətçinin ifasında Türkiyənin meqa-starı Tarkanın, Ozan Havasoğulları, İlyas Hececi, Faiq Sücəddinov, Sərdar Ortac, Doşkun Kıvılcım kimi məşhur musiqiçilərin bəstələri yer alıb.

Xəyalə Muradlı