Gələn il üçün yeni layihələr, kliplər və konsertlər vəd edilir
Adətən hər bir insan ilin sonunda özü üçün bir hesabat verir. Yola salınan il üçün gerçəkləşdirilməsi nəzərdə tutulan məqsədlər həyata keçirildi ya yox. Hansı plan hesabdan silindi, hansı məqsəd gələn ilə təxirə salındı - bu hesabat hər kəsin götür-qoy etdiyi məqamlardandır. Şou-biznes aləmi də hesabatlardan xali deyil. Maraqlıdır, görəsən yola saldığımız 2008-ci il estradamızın "parlayan ulduzlar"ı üçün necə keçdi? Bu məqsədlə aşağıdakı üç sualla bir neçə müğənnimizə müraciət etdim.
- 2008-ci il sizin həyatınızda hansı hadisələrlə yadda qaldı?
- Yeni il axşamı hansı məkanlarda çıxış edəcəksiniz və Yeni ili necə qeyd etmək fikriniz var?
- 2009-cu ildən nələri gözləyirsiniz və xalqımıza nə arzu edirsiniz?
Zülfiyyə Xanbabayeva:

"BU İL PƏRƏSTİŞKARLARIMIN İNTİZARINA SON QOYMAQ QƏRARINA GƏLDİM"

- Həyatımın ən yaddaqalan hadisəsi 2007-ci ildə Dənizin dünyaya göz açması oldu. Balamın doğulduğu gündən bu günədək mənim hər bir anım, günüm və ilim yaddaqalan və sevinclidir. Bu il mən hörmətli prezidentimiz İlham Əliyevin imzaladığı fərmana əsasən "Xalq artisti" adına layiq görüldüm. Bir daha öz təşəkkürümü bildirirəm həm cənab prezidentimizə, həm də məni bu sevgiyə layiq görən xalqımıza!
Bilirsiniz ki, yaradıcılığıma, azca da olsa, ara vermişdim. İndi yeni mahnılar yazdırır, yeni albom üzərində çalışıram. 2008-ci ilin sentyabr ayından etibarən artıq pərəstişkarlarımın intizarına son qoymaq qərarına gəldim və müxtəlif verilişlərdə çıxış edib bəzi yeni mahnılarımı təqdim etdim. - Yeni il gecəsi gecə saat 12-dək qızımla, ailəmlə bərabər olacağam. 12-dən sonra isə məni sevənlərin əhatəsində olub müəyyən şou-proqramlarda çıxış edəcəyəm.
- 2009-cu ildən firavan ömrümüzün beləcə davam etməsini, növbəti sənət uğurlarımı gözləyirəm. Xalqımıza sakitlik, ruzi-bərəkət, cansağlığı arzu etmək istəyirəm. Əsas odur ki, doğma insanlarımız həmişə bizimlə bərabər olsunlar.
Tünzalə Ağayeva:

"BU İL MƏNİM ÜÇÜN ÇOX DÜŞƏRLİ OLDU"

- Bu il mənim üçün çox düşərli oldu, ABŞ, Böyük Britaniya, Çexiyaya səfərlərimlə yadda qaldı. Çox nüfuzlu tədbirlərdə, gözəl və məşhur zallarda çıxış etdim və ən əsası həmvətənlərimizlə görüşdüm. Bilirsiniz ki, "Ölkəm" layihəsini məhz 2008-ci ildə ərsəyə gətirdim, "Ölkəm" adlı klipim işıq üzü gördü. "Bax", "Sən varsan" kimi bəstələrim böyük populyarlıq qazandı. Bir həftəyə yaxındır televiziya kanallarında "Sən varsan" kompozisiyasına çəkilən klip yayımlanmağa başlayıb.
- Yeni ili ailəmlə - qızım, anam, atam və qardaşlarımla qarşılayacağam. Mənim adım bir çox şadlıq saraylarının Yeni il reklamlarında getsə də, oxucularımız bilsinlər ki, mən oralarda çıxış etməyəcəyəm. Ola bilsin ki, Milli parkda keçiriləcək bayram proqramında çıxış etdim. Dekabrın 28-də Məhərrəm ayı girir, amma məhərrəmlik bir ay yas saxlamaq demək deyil. Mən də bir müsəlman kimi Aşura günündən əvvəl və sonrakı günlərdə oruc tutub daha çox ibadət edəcəyəm.
- Mən xalqımıza birlik arzu edirəm. Bilirsiniz ki, 31 dekabr bütün azərbaycanlıların Həmrəylik Günüdür. Sözsüz ki, hamı kimi mən də yeni ildən bolluca uğur və sevinc gözləyirəm.
Elza Seyidcahan:

"YENİ İLİ XARİCİ ÖLKƏDƏ QARŞILAYACAĞAM"

- Bu il mənim üçün ona görə əlamətdar oldu ki, oğlum əsgərlikdən qayıtdı və nişanlandı. Xarici ölkələrə çoxlu səfərlərim oldu, ilboyu seçki kampaniyasında iştirak etdim və çox şadam ki cənab İlham Əliyev prezident seçildi.
- Yeni il gecəsini ailəmlə birlikdə, amma xarici ölkədə keçirəcəyəm. Sözsüz ki, bu səfərin sənətimlə birbaşa əlaqəsi var, ona görə də ölkənin adını hələlik açıqlamaq istəmirəm.
- 2009-cu ildən bolluca uğur gözləyirəm. Böyük sənət arzularım, çoxlu konsert keçirmək planlarım var. Yanvarın 3-də Opera və Balet teatrında "Azərbaycan odası" adlı bir konsert keçirmək fikrim var. Həmin əsərin müəllifləri Qənirə Paşayeva və Nüsrət Kəsəmənlidir.
İlqar Muradov:

"BU İL MƏNİM ÜÇÜN ÇOX DA UĞURLU OLMADI"

- Bu il mənim üçün o qədər də uğurlu olmadı, böyük itki ilə üzləşdim - atamı itirdim bu il. Və bu səbəbdən sənətdən bir müddət uzaqlaşdım. Amma məhz bu il mənim Avstriyada yazılmış albomum işıq üzü gördü, düşünürəm ki, bu, yola saldığımız ildə yaradıcılığımda yeganə yenilik oldu.
- Artıq bir neçə ildir Yeni ili ailəmlə bərabər evdə qeyd edirəm, bu il də həmin ənənəyə sadiq qalacağam.
- Xalqımıza dünyada nə gözəlliklər varsa, onu arzu edirəm. Ən əsası: heç kəs bu il hansısa itki ilə qarşılaşmasın!
Manana:

"BU İL BOLLUCA SEVİNC YAŞADIM"

- Bu il həm şəxsi həyatımda, həm də sənətdə bolluca sevinc yaşadım. Əlbəttə ki, şəxsi həyatımda baş verən yeniliklər böyük sevincimə səbəb oldu. 2008-ci ildə əvvəlcə nişanlandım, sonra ailə qurdum və nəhayət, bu il dünyaya balaca Yelizavetti adlı şahzadəm dünyaya göz açdı. Ulu Tanrı hamıya ailə səadəti nəsib etsin! Yaradıcılığımda da bir sıra sevilən mahnılar oldu, onlara klip çəkdirmək arzusundayam. Bu mahnıların sırasına artıq yetərincə populyarlaşmış "Mənim bəxt ulduzum" daxildir.
- Yeni ili öz ənənəmə sadiq qalaraq böyük məmnuniyyətlə səhnədə qarşılayacağam. Kimin üçünsə bu, primitiv səslənə bilər, amma mən doğrudan da inanıram ki, Yeni ili səhnədə oxuyaraq qarşılasan, rəqs edərək şən keçirsən, yaradıcılığına da, həyatına da Yeni il özü ilə sevinc gətirəcək.
- Əsas və vacib məsələ cansağlığı və ailə səadəti olduğundan hamıya bunu arzu edirəm. İşdə uğur qazanmaq kimi vacib məsələni də yaddan çıxarmaq olmaz. Odur ki, hamınıza uğurlar diləyirəm!
İradə İbrahimova:

"DEDİ-QODULARLA DOLU BİR İL KEÇDİ"

- Bu il yaradıcılığımda çox uğurlu il oldu. Gözəl mahnılara, kliplərə imza atdım. İnternet səhifəm yeniləndi. Hətta "İlin yenilənmiş saytı" nominasiyası üzrə mükafatlandırıldım. Mənim mətbuat katibim, sizin qəzetin əməkdaşı Zəminə Rüstəmova "İlin mətbuat katibi" seçildi. Sağ olsun ki məni bütün qalmaqallardan və söz-söhbətlərdən uzaq tutdu. Şəxsi həyatım barədə danışmağı sevmirəm. Bircə onu deyə bilərəm ki, dedi-qodularla dolu bir il keçdi. Necə deyərlər: "Yalandırsa, gerçək olsun!"
- 31 dekabrda çalışmamaq, ailəmlə birlikdə olmaq qərarı verdim. Gərgin Yeni il çəkilişlərindən sonra həmin gecə, inşallah, dincələcəyəm. Amma onu da deyim ki, böyük zövqlə oturub həmin çəkilişləri izləyəcəyəm. Adətən mənim üçün evdə kasetə köçürürdülər, çünki neçə ildir dekabrın 31-də işləyirdim. Amma evdəkilərin köçürdüklərinə ən azı bir aydan sonra baxa bilirdim. Çünki dekabrın son günlərindəki gərgin iş təxminən bir ay istirahət tələb edirdi.
- Allah-Təala bizə nə yazıbsa, 2009-cu ildə onu yaşayacağıq. Bu ilin acısı da, şirini də olsa, yaşayacağıq. Arzu edirəm gələn ilin qədəmləri xalqımız üçün uğurlu, düşərli olsun! Hər kəsə ruzi-bərəkətli il arzu edirəm, çünki bu il mənim üçün başqa illərə nisbətən bir o qədər də ruzili olmadı, amma buna da şükür. Elimizdə hər zaman sülh olsun, hər bir vətəndaşımızın canı sağ olsun. Bütün oxucularınızı Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il münasibətilə təbrik edirəm!
Eyyub Yaqubov:

"BU İL SƏNƏTDƏ ÇOX DA YENİLİYİM OLMADI"

- Bu il bir o qədər də yeniliyim olmadı sənətdə. Sözsüz ki, bir sıra mahnılar üzərində çalışırdım, amma onlar hələ də işıq üzü görməyiblər. İnşallah, gələn il işıq üzünə çıxırlar.
- Yeni il gecəsi mən "El Baro" restoranında çıxış edəcəyəm. Bayramı da elə oradaca ailəmlə və dostlarımla birlikdə qeyd edəcəyəm.
- Mən hər bir ili nikbinliklə qarşılayıram. Yaradıcılığıma gəlincə, bilirsiniz ki, mən Mikayıl Müşfiqin yaradıcılığının vurğunuyam və bir neçə mövzu seçmişəm. Dostum Elçin İmanov Mikayıl Müşfiqin çox düşüncəli "Həyat gözəldir" şeirinə musiqi bəstələyib. Həmçinin Aygün Səmədzadə ilə "Bakı küləyi" adlı kompozisiya, Faiq Sücəddinovla sevgi haqqında bir mahnı yazdırmışıq. Yeni ildə bu üç mahnıya klip çəkdirməyi çox arzulayıram. Xalqımıza da bütün arzularına çatmaqlarını arzu edirəm!