Bolqarıstan kilisəsi Madonnanın avqustun 29-da Sofiyada verəcəyi konsertin ləğv olunmasını istədiyini açıqlayıb. Kilisənin ali rəhbərliyinin yaydığı bəyanatda Yəhya peyğəmbərin yad edildiyi 29 avqustda Madonnanın konsert verməsinin düzgün olmadığı vurğulanıb.

Bəyanatda qeyd edilir ki, Madonna xristianların yaşadıqları ölkələrdə verdiyi konsertlərdə dindarların müqəddəs saydıqları olaylara və dünyagörüşünə qarşı sayğısızlıq edir. O da bildirilir ki, avqustun 29-da Bolqarıstanda xristianlar oruc tutaraq, dünyəvi zövqlərdən uzaq dururlar.

Qeyd edək ki, Bolqarıstanda Filibe şəhərinin keşişləri də bir müddət əvvəl Madonnanın konserti ilə bağlı anoloji məzmunlu etiraz bəyanatı yaymışdılar. Bundan əvvəl isə Madonnanın Polşada avqustun 15-də verdiyi konsert də Müqəddəs Məryəmlə bağlı günə təsadüf etdiyi üçün radikal katoliklərin etirazıyla qarşılanıb.

Ancaq Sofiyada Madonnanın konsert verəcəyi yerdə hazırlıqlar sürətlə davam edir. 1000 nəfər gecə-gündüz çalışır. Səhnə 40 metr hündürlükdə, 85 metr enində olacaq. Konsert üçün 2 özəl təyyarə ilə Sofiyaya gələcək Madonnanı 450 nəfər mühafizəçi qoruyacaq. 8 mühafizəçi bilavasitə Madonnanın yanında olacaq. Konsertdən sonra Vyanaya gedərək gecəni kirayələdiyi villada keçirəcək.