Xalq artisti Aygün Kazımova yeni mahnısında çılğın, ehtiraslı və seks-simvol obrazı yaradacaq.

Mahnının sözü və musiqisi Murad Arifə aiddir, aranjemanını isə Givi hazırlayacaq.
Bu barədə məlumat verən Murad Arif mahnının adını açıqlamayıb: “Qorxuram ki, adını açıqlayaram, mahnını yazdırıb aranjeman edəndən sonra başqası həmin mövzuya müraciət edər”.

Daha əvvəl Ayaz Qasımov, Elnarə və Xəyyama mahnı verən Murad musiqiləri hər ifaçının özünə uyğun seçdiyini bildirib: “Ola bilməz ki, müğənniyə mahnı göstərim, o, bəyənməsin. Mahnını hər ifaçının özünə uyğun yazıram. Səs tembrlərinə diqqət edirəm, repertuarı ilə maraqlanıram ki, görüm o son vaxtlarda hansı mövzularda oxumayıb”.

M.Arif Aygün Kazımovaya yazdığı musiqinin 2009-cu ilin hiti olacağına əmindir: “Bu, Kazımovanın səhnədə yaratdığı obraza çox uyğundur. Çünki çılğın, ehtiraslı və əsl seks-simvolunun oxuyacağı bir mahnıdır. Mahnı bir balaca idman mövzusuna yaxındır. Amma idman haqqında deyil, məhəbbət, ehtiras haqqındadır. Məncə, həmin mahnı Aygün Kazımovanın 2009-cu ildə oxuduğu ən hit mahnı olacaq. Bunu qarşıma məqsəd qoymuşam və üzərində iş aparıram”.