Best model of Azerbaijan

APA-nın məlumatına görə, təmsilçilər noyabrın 11-də Heydər Əliyev Sarayında keçirilən “Best model of Azerbaijan”ın milli final gecəsində seçilib. Müğənni Ruhinin prezidentliyi ilə keçirilən “Best model of Azerbaijan” yarışmasında 15 qız və 15 oğlan model yarışıb. “Best model of the world” müsabiqəsinin yaradıcısı və prezidenti Erkan Özərman, fransız modelyeri Stefano Roland, Azərbaycanın xalq artisti İlhamə Quliyeva, iş adamı Nahid Kabakçı, “Best model of Azerbaijan” yarışmasının prezidenti Ruhi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Türkiyənin tanınmış modelyeri Şeney Akay, “Fashion model school”un rəhbəri Lyubov Kutorova, stilist Anar Ağakişiyevin təmsil olunduğu münsiflər heyəti qalibləri müəyyən ediblər.

Kamilə Babayeva və Emin Musəvinin aparıcılığı ilə keçirilən yarışmada 30 iştirakçı ilk olaraq çimərlik geyimlərində, sonra isə sıra ilə avanqard, milli və gecə geyimlərində səhnəyə çıxıblar. Həmin gecə “Səma” rəqs qrupunun ifasında milli rəqs ifa olunub. Milli final gecəsində daha çox “Aşk bitdi” mahnısı ilə tanınan türkiyəli müğənni Kərəm Cem də bir neçə mahnısı ilə modelyerlərə dəstək olub. Bir neçə mahnısını gitarada ifa edən müğənni Azərbaycan mahnılarından “Ayrılıq” və “Neyləyim”i oxuyub. Azərbaycanda ilk dəfə olduğunu bildirən sənətçi, bu səfəri üçün Ruhiyə təşəkkürünü bildirib.

Tədbirin sonunda münsiflər heyətinin qərarı ilə “ən yaxşı yeriş” nominasiyasında Əli Abbasov və Yuliya Klimova, “Fashion model school” nominasiyasında Rahib İsrafilov və Esmira Novruzova, “Best Fucier model” nominasiyasında Tural Zeynalov və Yekaterina Seldikova, “Best Grace” nominasiyasında Nigar Əliyeva, “Best centlemen” nominasiyasında Qabil Həmzəyev qalib olub. Yarışmada III yerə oğlanlardan Fərid Əsgərov, qızlardan isə Çinarə Abdullayeva layiq görülüb. Tamaşaçıların böyük bir qisminin pərəstiş etdiyi Şövkət Qasımova isə yarışmanın ikincisi olub. Oğlanlardan yarışmanın II yerinə Azər Atakişiyev layiq görülüb. “Best model of Azerbaijan” yarışmasında I yerə Esmira Novruzova və Rahib İsrafilov sahiblənib. “Best model of the world” yarışmasının prezidenti Erkan Özerman builki tədbiri yüksək səviyyədə təşkil edən müğənni Ruhini “ən yaxşı təşkilatçı” mükafatı ilə təltif edib.