Bəziləri hərəkətlərinə, davranışlarına, danışıqlarına sərhəd qoymurlar".
Müğənni sənətinə qısqanclıq nümayiş etdirənlərə göz yumur.
Bayramlar içərisində ən çox Yeni ili sevdiyini deyən xalq artisti İlhamə Quliyeva hər il bu bayramı səbirsizliklə gözləyir. Heç bir şou proqrama qatılmayan müğənni bu ərəfədə bolluca istirahət etdiyini bildirdi. Hər zaman gənclərə böyük önəm verən İlhamə xanım hava şəraiti ilə əlaqədar olaraq hələ ki, istirahətini davam etdirdiyini söyləsə də, bir müddət sonra iş başına keçəcəyini vurğuladı. Onun sözlərinə görə, vaxtilə "Azəristar"ın yetirməsi olan istedadlı iştirakçı, bu gün isə özünü səviyyəli müğənni kimi təsdiq etməkdə olan Eltonla duet oxuyacaq. Əlinin yüngül olduğunu deyən sənətkar bir neçə il bundan əvvəl Rəşad İlyasovla oxuduqları dueti xatırlatdı və o duetdən sonra Rəşadın yaradıcılığında böyük dönüş müşahidə olunduğunu dilə gətirdi.
Bu arada şou-biznes aləmindən də ürəkağrısı ilə söhbət açan İlhamə xanım bildirdi ki, 40 il xalqına xidmət etmiş bir sənətkar kimi bunu deməyə və bundan narahat olmağa haqqı çatır: "Səhnəyə çıxan müğənninin birinci növbədə səsi və musiqi duyumu olmalıdır. Düzdür, xarici görünüş də şərtdir. Amma bunlara baxmayaraq, bəzi müğənnilər eybəcər və zövqsüz geyimlərdə səhnəyə çıxaraq özlərini reklam etdikləri bəs deyilmiş kimi, danışanda elə danışırlar ki, sanki neçə illərin sənətkarıdır. Hərəkətlərinə, davranışlarına, danışıqlarına sərhəd qoymurlar". Uzun illərin sənətkarı olmasına baxmayaraq bu gün də səhnəyə çıxanda həyəcan keçirdiyini deyən müğənni "əgər müğənni tamaşaçı qarşısına çıxarkən məsuliyyət hiss etmirsə, o, müğənni deyil" söylədi: "Mənim indiki müğənnilərdən başım çıxmır, neçə dəfə ərə getdiklərini, kiminlə münasibətləri olduğunu çıxıb efirdə deyirlər. Amma onlar düşünmürlər ki, bu, onların mətbəxidir, belə məqamları açıq-aşkar bəyan etməzlər". İlhamə xanım eyni zamanda "hər bir qadını həyatında kişi olmalıdır, amma bunu reklam etmək olmaz" deyə gənc həmkarlarına məsləhət gördü. Müğənni onu da əlavə etdi ki, böyük və təcrübəli sənətkar kimi onun iradlarından bir nəticə çıxarmaqdansa, bəzən onun sənətinə qısqanclıq nümayiş etdirirlər. Lakin sənət baxımından özünəməxsus çəkisi olduğuna görə belə söz-söhbətlərə əhəmiyyət verməyən İlhamə Quliyeva bu hallara göz yumduğunu qeyd etdi.