Müğənni haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirdi.
Estradamızın şıltaq müğənnisi Röya istirahətdən sonra artıq iş başına keçməyə hazırlaşır. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında konsert verməyə hazırlaşan müğənninin bu konserti digərlərindən xeyli fərqlənəcək. Belə ki, orkestrin müşayiəti ilə tamaşaçılar qarşısına çıxan Röya muğam ifa edəcək. O, konsertdə xalq mahnıları və təsniflər səsləndirməklə yanaşı repertuarına klassik mahnılar da daxil edəcək.
Eyni zamanda, bir çox söz-söhbətlərə aydınlıq gətirən Röya 2007-ci ilin dekabrında paytaxtda baş tutacaq konsertinin və Türkiyə səfərinin təxirə düşməsinə görə yayılan şayiələr haqqında da danışdı. O, qeyd etdi ki, işlərinin təxirə düşməsi ilə əlaqədar olaraq bəzi həmkarlarını sevindirmiş oldu. "Çünki qulağıma mənasız söz-söhbətlər çatır ki, guya təşkilatçı məni aldatdı, mən də camaata konsert verəcəyim barədə "yağlı vədlər" verərək aldatdım. Amma təşkilatçı məni aldatmadı, gördüyünüz kimi müqaviləni məhz media mənsublarının qarşısında bağladım. Sadəcə olaraq, bəzi məqamlar ortaya çıxdı və mən fikrimdən daşındım".
Günlər keçdikcə nüfuzunun artdığını deyən Röya əlavə etdi ki, ümumiyyətlə bəzi həmkarları onun qabağa getməyini qəbul etmir.
Hətta həmkarlarının böyük əksəriyyəti çox vaxt onun haqqında birinciliyə iddialı olan müğənni kimi fikir söyləsə də, o, bununla razılaşmır. Röyanın fikrincə, həmkarları bu sözləri onun ünvanına dırnaqarası söyləyir və onlar özlərini elə göstərirlər ki, guya buna sevinirlər, amma elə deyil.
Ona görə də onların mənim haqqımda dırnaqarası müsbət fikirlər səsləndirməsindən bezmişəm: "Özüm də başa düşə bilmirəm ki, müğənnilər mənim məşhurluğumu özlərinə niyə deviz seçir?" - deyən müğənni hərdən tək qalanda öz-özünə belə suallarla müraciət etdiyini bildirdi