Təbiətin şıltaqlığı onların qazancına pis təsir edir.
Qar yağan günlər bəzi müğənnilərin toyları təxirə düşüb.
Bir neçə gündür paytaxt Bakı və əksər bölgələr ağ qar örtüyünə bürünüb. Əsla romantik hisslərə qapılıb soyuğu, şaxtanı vəsf etmək fikrində deyilik. Əksinə, tamam başqa bir mövzuda danışmaq istəyirik. “Olaylar” agentliyi bəzi sənət adamları arasında sorğu keçirib. Qarlı havanın onların işinə nə kimi təsir etdiyini və bir də... indiyədək qartopu oynayıb-oynamadıqlarını öyrənməyə çalışıb. Məlum olub ki, şou əhli heç də qartopu oynamağa meyilli deyil. Yolların buz bağlamasına gəlincə... Gəlin bu haqda onların özünü dinləyək. Beləliklə...

Nüşabə Ələsgərli: “Buzlu yollarda maşın sürə bilmərəm”

Nüşabə Ələsgərli “Olaylar”a deyib ki, sərt havalar keçən günlərdə nə mərasimləri təxirə salıb, nə də toylara gecikib: “Düzü, heç bir toy və ya başqa tədbirləri təxirə salmamışam. Qarlı havalarda bütün toyları yola verdim. Hazırda taksiylə gəzirəm, özüm buzlu yollarda maşın sürə bilmərəm. Sadəcə, gedəcəyim ünvana bir neçə saat əvvəl yola düşürəm ki, vaxtında çata bilim. Açığını deyim ki, yolların buzlu olmasına baxmayaraq, toya kifayət qədər adam gəlirdi. Buna görə də ciddi bir problemlə rastlaşmamışam”.
N.Ələsgərli qartopu oynamağa hələ vaxt tapmasa da deyir ki, bütün həmkarlarını məmnuniyyətlə qara basardı: “Mənə qalsa, hamısını qara basardım. Bunu etməmişəm. Amma Gülbahar Şükürlü ilə qartopu oynayardım”.

Qar səbəbindən Nadir Qafarzadənin iştirak edəcəyi toy təxirə salınıb

Yağan qar toylardan çoxlu gəlir əldə edən müğənnilərdən olan Nadir Qafarzadənin kefinə əməlli-başlı soğan doğrayıb. Müğənni dekabrın 9-da son toya hazırlaşarkən, yolların buz bağlaması onu əldə edəcəyi puldan məhrum edib: “Dekabrın 9-da sonuncu toyu yola verməli idim. Dekabrın 10-da məhərrəmlik ayı gəldiyindən bu son toy olacaqdı. Amma yollar buzlu olduğundan toy sahibi toyu təxirə saldı. Bildirdi ki, onsuz da bu buzlu yollarla kimsə toya gəlməyəcək. Nəticədə pulumdan da oldum”.
N.Qafarzadə onu da bildirdi ki, kimisə qara basmaq niyyəti yoxdur. Çünki belə havada bu, insafsızlıq olar. Kiminsə qara basıldığını görsə, ona yardım etməyəcək: “Nə kimisə qara basmaq, nə də kimisə qardan çıxarmaq niyyətim yoxdu. Mən özüm belə havada evdə oturub, bayıra çıxmamaq qərarına gəlmişəm. Ona görə də kiməsə pislik edə bilmərəm”.

Cavan Zeynallı buzlu yolda qəzayla üzləşib

Yolların buz bağlaması Cavan Zeynallıya da baha başa gəlib. O da başqaları kimi toydan məhrum olub. Amma bu onu narahat etmir. Onu narahat edən yol-qəza hadisəsidi: “Düzü, gecikdiyim tədbirlər olmayıb. Tədbirlərə vaxtında çatıram. Bir toyum var idi, toy sahibi hava şəraitini nəzərə alaraq, mart ayına qədər təxirə saldı. Buzlu yollar daha çox sağlamlığımıza zərərdir. Çəkilişdən qayıdarkən az qala qəzaya uğrayacaqdıq. Maşını saxlamaq mümkün olmadı, sürüşdü və fırlandı. Birtəhər onu saxlaya bildik. Düzü, biz artıq elə bildik ki, ağır qəza baş verəcək. Amma yaxşı qurtardıq”.
Cazmenin qartopu oynamağa həvəsi yoxdur. Deyir onun bu dövranı keçib. İndi evdə oturub, qarlı havada musiqi yazmaq vaxtıdır: “Mən qalmaqaldan uzaq, sakit bir adamam. Heç kimlə mübahisə edən deyiləm. Buna görə də kiməsə qar atmaram”.

Aybəniz Haşımova: “Qar yağan kimi həyat donur”

Aybəniz Haşımova isə daha çox gileylənir. Onun gileyi buzlu yollardan deyil, bu yolu təmizləyən insanlardandır. Sənətçi bildirdi ki, qışda qarın yağması, yolların buz bağlaması təbii haldı. Amma qışda həyatın donması təbii deyil. Yollar təmizlənməlidir ki, insanlar gündəlik işlərini görə bilsinlər: “Bizdə dəhşətli hal yaranıb. Qar yağan kimi həyat donur. Başqa ölkələrdə bütün qışı qar yağır. Amma onlarda bizdəki kimi həyat dayanmır. Çünki bütün küçələr qardan təmizlənir, yəni buz bağlamasına imkan vermirlər. Bakıda bütün küçələr buzdu. Hərəkət etmək mümkün deyil. Belə vəziyyətdə necə işləyəsən? Mən uşaqlarla işləyirəm. Onlara necə deyim ki, gəlin işimizi görək? Mən özüm belə buzlu yollarda uşaqlarımın evdən çıxmasına razı deyiləm. Buna görə də başqalarının uşaqlarına bunu rəva görmərəm. Yəqin ki, bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. Buyursunlar, işlərini görsünlər. Bunu etmirlərsə, o zaman nəyə lazımdılar? Camaat yıxılıb əzilməlidir?”.
A.Haşımova onu da bildirdi ki, diqqətli olmasına baxmayaraq, bir neçə dəfə yıxılıb: “Artıq bir neçə dəfə yıxılmışam. Yanımda köməkçilərim olduğundan məni saxlayıblar. Addım atmaq belə mümkün deyil. Hər fəslin öz tələbi var. İstini, yağışı yola verdiyimiz kimi qarı da yola verməliyik. Zəhmət çəksinlər bu işlə məşğul olmalı adamlar yolları təmizləsinlər”.
Müğənni əlavə etdi ki, qartopu oynamağı nə uşaqlıqda, nə də indi sevir. Uşaqların qar topasının içinə daş qoyub atdıqlarının şahidi olduğundan, uşaqlarını da bu oyundan qoruyur.

Elmira Şabanova isə qarı çox sevir

Xalq artisti Elmira Şabanova soyuq havanı, xüsusən də qarı xoşlayır. Lakin o, buzda yıxılmaqdan yaman qorxur: “Qar təkcə gəncləri deyil, yaşlı nəsli də sevindirir. Qar yağanda çıxıb şəhəri gəzməkdən zövq alıram. Qar həm də mikrobları məhv edir ki, bunun da əhəmiyyəti böyükdür. Amma qar sonradan buza çevrilir. Bu səbəbdən də qar yağanda çalışıram ki, uzaqlara getməyim. Ən çox qorxduğum buzda sürüşüb yıxılmaqdı. İnsanların içində yıxılmaqdan qorxuram. Amma lazımi yerlərə getməkdən imtina etmirəm”.
Aktrisanın qarla bağlı arzuları da var. Elmira xanım sənət dostlarını yığıb, onlarla bir yerdə qartopu oynamaq istəsə də yaşı buna imkan vermir.

Rüstəm Zeynallı: “Qarda izlər daha aydın görünür”

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı isə qarı çox sevdiyini deyir: “Çünki qarda izlər daha aydın görünür. Onsuz da müğənnilər ilin 11 ayını işləyirlər. Qoy heç olmasa qar yağanda istirahət edək”.