Repçi üstündən tapılan narkotik maddəni 35 manata Aynur adlı qızdan aldığını deyib.

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə repçi Elşad Xosenin məhkəmə prosesi keçirilib. Prosesdə Elşad Xose narkotik maddəni 35 manata Aynur adlı qızdan şəxsi istifadəsi üçün aldığını deyib. Bundan əlavə o bildirib ki, sentyabrın 13-də gündüz saat 12:00-da həbs edilsə də, bu ittiham aktında gecə saat 00:00 kimi göstərilib. Prosesdə çıxış edən polis işçiləri reperin üstündəki narkotik maddəni özünün polisə təqdim etdiyini deyiblər. Onların sözlərinə görə, polislər Elşad Xosenin üstündə heç bir axtarış aparmayıblar.

Qeyd edək ki, Elşad Xosenin üstündə narkotik maddə sentyabrın 13-də tapılmışdı. Repçi sentyabrın 27-də zaminə buraxılmışdı. E. Xoseyə qarşı CM-nin 234.1-ci ( satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Proses dekabrın 12-də davam edəcək.