Meyxanaçı Solmaz Şükürova ilə dost olduqlarını deyib.
Qəzetimizin 29 noyabr 2007-c il tarixli sayında meyxanaçı Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı Solmaz Şükürovanın müsahibəsini dərc etmişdik. Xeyli müddət ağzına su alıb susan Namiq Qaraçuxurlu nəhayət danışıb. Meyxanaçı mətbuata açıqlamasında şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Hər zaman evli olduğunu təkzib edən Namiq yenə də adəti üzrə deyilənlərin yalan üzərində qurulduğunu bildirib:
“Bəzi adamlar var ki, məni sənətdə görmək istəmir. Onlar bilmir ki, məni necə ”vursunlar", ona görə də belə üsullardan istifadə edirlər".
Daş atıb başını tutan meyxanaçı bunu populyar olmağı ilə əlaqələndirib. Deyib ki, Solmaz Şükürova ilə sadəcə dost olublar... Amma maraqlıdır ki, Solmazla qeyri-rəsmi nikahları olmasını boynuna alsa da, həmin qadından uşağının olmasını təkzib edib. Namiq Solmazla aralarındakı münasibətin qeyri-ciddi olduğunu deyib: “Solmaz ya adıma xələl gətirmək üçün, ya da mənim adımdan istifadə edərək populyar olmaq məqsədi ilə artıq mətbuata yol açıb”.