Röya: “Tolik mənim hesabıma restoranda “şot” verməyi öyrənmişdi”.
“Ən böyük arzum siqareti atmaqdır” .
Şou-biznesin ən qeylü-qallı müğənnisi Röyanın adı yenə də müxtəlif söz-söhbətlərdə hallanır. Son günlər mətbuatda müğənninin Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasının “qaranlıq məqamları” haqda müzakirələr aparılır. Röya oxucuları narahat edən suallara cavab verib. Müğənni APA agentliyinə verdiyi müsahibədə şəxsi həyatındakı və yaradıcılığındakı yeniliklərdən danışıb.

- Röya, dekabrda keçirilməsi nəzərdə tutulan solo konsertin nəyə görə təxirə salındı?

- Solo konsertim ümumiyyətlə baş tutmayacaq. Fevralda Nailə Mirməmmədli ilə konserti təşkil etmək fikrindəydik. Nailə xanımın anası vəfat etdiyindən bu planımızı bir az gec reallaşdırmağı nəzərdə tutmuşuq. Konserti gələn il mart ayında həyata keçirəcəyəm. Açığı, son illər başım ev işlərinə qarışıb, evimizi təmir etdirirəm. Bundan başqa, Nailə Mirməmmədlinin iki yeni mahnısı üzərində işləyirəm. Hər iki mahnının sözləri İsmayıl Dadaşova məxsusdur.

- Aygün Kazımova ilə barışmağınız böyük ajiotaj doğurdu. Deyəsən, Röya barışıq yolunu tutub axı...

- Aygün Kazımova ilə çox az müddətdə küsülü olmuşuq. Sonra incikliyi aradan qaldırdıq. Biz onunla 5 aya yaxın olar ki, danışırıq. Sadəcə, bir neçə gün əvvəl görüşdüyümüz məqamda şəklimizi çəkiblər. Telekanallar zəng etdilər ki, gəlin görüşün-öpüşün, çəkib efirə verək. Ancaq sünilik nəyə lazımdır? Biz çoxdandır Aygün Kazımova ilə danışırıq.

- Daim qalmaqalların mərkəzində olursan. Qalmaqalı sevirsənmi?

- Qətiyyən. Sadəcə, dilim dinc durmur. Daim qalmaqalda olmağımın səbəbi də dilimdir. Xoşuma gəlməyən insanları tənqid edirəm.

- Xuraman Şuşalı ilə münasibətləriniz necədir?

- Mən sənəti olan adamlardan danışıram. Sənəti olmayanlar haqqında heç nə deyə bilmərəm. Qəbul etmədiyim insanlar var ki, həmin insanlarla heç vaxt danışmayacağam. Adama hər zaman dəstək verdiyi, kömək etdiyi insanlar zərbə vururlar. Həyat belədir. Məni vurmaq istəyənlər də o qədərdir ki...

- Peşəkar müğənni olmaq üçün musiqi savadı mütləqdirmi?

- Xeyr. Peşəkar müğənni olmaq üçün əsl ifa lazımdır. Azərbaycan estradasında o qədər ali təhsilli sənətçi var ki... Ancaq hər şey göz qabağındadır. Çoxları düşünür ki, sənətdə yaş fərqi olmalıdır. Burada yaş qətiyyən rol oynamır.

- Bakı Dövlət Universitetinə qeyri-qanuni yolla daxil olmağın barədə silsilə yazılar dərc olunur. Buna necə açıqlama gətirərdin?

- Bakı Dövlət Universitetinə Moskva Dövlət Universitetindən köçürülmüşəm. Moskva Dövlət Universitetinə isə tam qanuni daxil olmuşam, I kursu orada oxumuşam. II kursdan isə təhsilimi Bakı Dövlət Universitetində davam etdirirəm. Odur ki, Bakı Dövlət Universitetinə qeyri-qanuni daxil olmağım barədə yazılanlar əsassızdır. Əlbəttə ki, universitetdə dərslərdə, imtahanlarda mənə güzəşt edilir. Qaldı dərslərə getməyə, axı mən qiyabi oxuyuram.

- Sərdar Ortacla müqaviləni hansı səbəblərdən dondurdun?

- Bizim bu il üçün nəzərdə tutduğumuz əməkdaşlıq alınmadı. Onunla müqaviləmizin dondurulması düzgün məlumatdır. Əslində Sərdar Ortacla heç bir müqavilə imzalanmamışdı. Bilirsiniz, Sərdar Ortacın mənim prodüsserim olmasını qəbul edə bilmədim. Asılı olmağı xoşlamıram. Buna görə də bu məsələni belə həll etdim. Ancaq Sərdar Ortacla yanvarın 1-dən əməkdaşlığa başlayacağıq. Bu əməkdaşlığı isə müqavilə əsasında həyata keçirməyəcəyik.

- Bu gün bir yerdə olduğun şəxs balaca Röyanın kişi idealı olan Rasim Balayevlə Rafael Dadaşovun hansına oxşayır?

- Heç birisinə. O, özünə bənzəyir. Mən onu heç kimə bənzədə bilmərəm, çünki o, mənim üçün bənzərsizdir. Onun sevgisi mənə güc-qüvvət verir. Bütün insanlara sevib-sevilməyi arzu edirəm.

- Röya bu gün də ailəsinin problemlərini təkbaşına həll edirmi?

- Həyatda ən ümdə amalım ailəmə sahib çıxmaq, valideynlərimə yardım etmək olub. Mən ailəmlə nəfəs alıram. Həyatda ən çox qorxduğum şey ailəmin sıxıntı çəkməsidir. Buna heç zaman imkan verməyəcəyəm.

- Keçmiş həyatın barədə çox söz-söhbət gəzir. Hətta sənin bir vaxtlar tum satdığın da deyilir?

- Bütün bunlar şayiədən başqa bir şey deyil. Mən keçmişimi danmıram. Orta məktəbdə 8-ci sinifdə oxuyanda direktorun köməkçisi işləmişəm. İlk işim bu olub. Çap makinasında çox sürətlə yazırdım, ona görə də bütün yazıları mənə yazdırırdılar. Evdən isə oradan pul almağıma icazə vermirdilər. Mən isə deyirdim ki, onlar özləri bu pulu verirlər. Sonra isə Vaqif Gərayzadə ilə tanış oldum və “W trio”ya gəldim. Daha sonra Röya oldum. Bu da mən.

- Səncə, fəxri ad almağının vaxtı deyil?

- Yox, hələ tezdir. 3-4 ilə inşallah. Bu məsuliyyətdən çox qorxuram. Bu, çox böyük məsuliyyətdir və qorxuram ki, qoltuğum “qarpızlanar”. Hələ ki, belə də yaxşıdır.

- Hər zaman Röyanın səhhətində ciddi problemlər olduğu deyilir. Həqiqətənmi səhhətində problemlər var?

- Böyrəyimdə daş var idi, saldırdım. Şükür Allaha, indi yaxşıyam. Digər tərəfdən, mənim narkotikə çox böyük həvəsim olduğu deyilir. Ağ yalandır. Maraqlananlara demək istəyirəm ki, narkoman, SPİD deyiləm. Tamamilə sağlam insanam. Mənim səhhətim haqqında yalan söz-söhbətlər yaymasınlar.

- Bəs siqaret?

- Hazırda ən böyük arzularımdan biri elə siqareti atmaqdır. Görüm, inşallah, bəlkə iradəmi toplayıb yaxın vaxtlarda bu addımı atdım. Sadəcə bacarmıram hələ... Bir az da vaxt lazımdır. Siqaret səsə qətiyyən təsir etmir və bunu səsimə görə etmirəm. Sadəcə bilirəm ki, ziyanlı şeydir.

- Röya həqiqətən avtoritetdir, yoxsa bu, onun özünü müdafiə üçün yaratdığı imicdir?

- Avtoritet? Rəhbərlik, hegemonluq etmək hər bir insanın daxilində var. Bu hiss təkcə mənə məxsus deyil ki, bütün insanlara xasdır. Bu hiss olmasa, o zaman insan yerində sayacaq.

- Toliklə barışmağınız barədə deyilənlər düzdürmü?

- Toliklə salamlaşmağım düzdür. Salamlaşmaq isə barışmaq demək deyil. Sadəcə, biz bir layihədə iştirak edirik. Mən Tolikin etdiklərini heç zaman bağışlaya bilmərəm. Bir yerdə oturub çörək yeyəsən, ona geyim, pul verəsən. O insan mənim hesabıma restoranda “şot” verməyi öyrənmişdi. Sonra da gəlib deyəsən ki, bu, fildir, o isə qarışqa idi. Bu, düzgün deyil. Toliklə barışmağım haqqında bu layihədən sonra söz-söhbət gəzməyə başladı. Fikrim var ki, bütün bu söz-söhbətə son qoymaq üçün ümumiyyətlə “Dünya mədəniyyəti gözəli” layihəsindən vaz keçim. Çünki bu söhbətlərin davam etməsini istəmirəm. İnsanları başa salmaq olmur ki, Toliklə salamlaşmaq onu bağışlamağım demək deyil.

- Bəs Toliklə yenidən işbirliyi mümkündürmü?

- Qətiyyən! Tolik də, hamı da bilsin ki, mən onunla yenidən işbirliyi qurmayacağam. Bir dəfə bu hərəkəti edənə mən yenidən şans verməyəcəyəm. Bunu ağlından belə keçirməsin. O, hələ də mənə yazır ki, özünü öldürəcək, özünü məhv edəcək. Axı bu, Tolikdir, ona inanmaq olmaz. Əslinə qalsa, Tolik işləyən insandır, insana ümid verməyi bacarır. Tolik adını da ona mən qoymuşam.

- Deyirlər Röyanın səs diapazonu geniş deyil. Bu fikirlə razısanmı?

- Mən də əvvəl elə bilirdim. Həmişə kiminsə yüksək səslə oxuduğunu görəndə “əhsən” deyirdim. Ancaq sonra həmin mahnını o sənətçi ilə bərabər oxuyanda görürdüm ki, elə mənim də səsim onunla eyni səviyyədədir.

- “Evrovision”un kastinqlərindən boyun qaçırmağının səbəbi nə oldu?

- “Evrovision” mənlik deyil. Fikrimcə, Azərbaycanda həmin yarışmaya göndəriləcək çox sənətçi var.

- İmicində hər hansı dəyişiklik nəzərdə tutulurmu?

- Bəli, bundan sonra Röya ancaq milli geyimlərdə səhnəyə çıxacaq. Artıq modelyerlə danışmaq haqqında düşünürəm. Ancaq saç düzümüm və üzümdə heç bir dəyişiklik etməyi nəzərdə tutmuram. Lazım gələndə plastik əməliyyat da edəcəyəm. Ancaq hələ üzümdə qırışlar yoxdur və heç bir problemdən əziyyət çəkmirəm.