Cəbhə bölgəsində olan müğənninin çıxışına atəş səsləri ilə mane olmağa çalışıblar.

Xuraman Şuşalı iki gün öncə Yevlaxda Heydər Əliyev adına xiyabanda təşkil olunan konsert proqramında çıxış edib. Konsertin yevlaxlılar tərəfindən təşkil olunduğunu deyən müğənni bunun ardınca Tərtərdəki ön cəbhədə əsgərlər üçün təşkil olunan konsertdə bir saatdan artıq davam edən musiqili proqramda iştirak edib. Sonuncu çıxışı ilə bağlı qəzetimizə açıqlama verən X.Şuşalı bunları danışdı:
"Hərbçilər qarşısında çıxış etməyi özümə həmişə mənəvi borc bilmişəm. Mahnıların əksəriyyətini əsgərlərin xahişi ilə səsləndirirdim. Proqramın sonuna yaxın məndən "Şuşanın dağları" mahnısını ifa etməyimi istədilər. Həmin məqamda düşmən tərəfdən atəş səsləri eşidilməyə başladı. Başa düşdüm ki, təqdim etdiyimiz musiqi proqramını Tərtərə yaxın olan ermənilər eşidib və etirazlarını bu cür bildiriblər. Hadisəni xatırladıqca, çox pis oluram, etiraf edim ki, çox qorxmuşdum. Bir an düşündüm ki, atılan güllələr başımıza töküləcək. Silahların hansı məqsədlə açıldığını sonradan əsgərlərin danışığı zamanı başa düşmüşdüm".
Psixoloji gərginlik keçirən Xuraman Şuşalı qeyd edir ki, hər bir müğənni bu vəziyyətdə cəbhəyə gedib konsert verə bilmək iqtidarına malik deyil. Özünə gəlincə, o, konsert layihələrini bundan sonra da əsgərlər qarşısında davam etdirmək istədiyini söylədi. Qəzetimizə daha bir açıqlama verən müğənni: "Ad çəkməsəm də, bir məsələni mütləq qeyd etmək istəyirəm. Tərtərə yol alanda kollektivdə başqa sənət adamları da var idi. Amma cəbhə bölgəsinin ermənilərə yaxın olduğunu bilən bəziləri yolun yarısından qayıtmağa qərar verdi və sıralarımızı tərk etdilər. Mən Şuşalı olduğumdan bu addımı atmadım. Çünki şəhər işğala məruz qalanda əhali ilə birgə mən də sarsıntı keçirmişdim. Onda qorxub qaçmamağım indi mənim daha da ürəkli edib. Eyni zamanda geri çəkilsəydim, bunu əynimdəki əsgər geyiminə yaraşdırmazdım".
Sonda müğənni dedi ki, əgər nə vaxtsa qızlar hərbi xidmətə çağırılsalar, o, öndə gedənlər sırasında olacaq.