Ruhi: "Efirdə savaşan müğənnilər reklam xatirinə oyun çıxarırlar".
“Həyat yoldaşımla yaş fərqimiz böyükdür”.


Müsahibimiz deyir ki, sənətə gələn gündən hamı onu səsi olmadığına görə qınayır. Amma o, heç kimə əhəmiyyət vermədən yaradıcılıq işlərini davam etdirir. Yəqin anladınız, həmsöhbətimiz bir ildə özünə çoxlu sayda fanat ordusu toplayan müğənni Ruhidir. Onu da deyək ki, Ruhi yol üstədir, müğənni sabah Həcc ziyarətinə yollanacaq. Səfər öncəsi redaksiyamıza təşrif buyuran müğənni şəxsi həyatı ilə bağlı eksklüziv xəbərləri “Yeni Müsavat”a danışdı.

- Son günlər ziyarətə getməyinlə bağlı söz-söhbət dolaşır. Bu, doğrudurmu?

- Bəli. İnşallah, sabah Məkkəyə yola düşəcəyəm. Bilirsinizmi, ziyarət elədir ki, gərək insanın öz içindən gəlsin. Mən bildiyimə görə, ziyarət həm ağır, həm də məsuliyyətli yoldur. Bir neçə il idi arzu edirdim ki, Həcc ziyarətinə gedim, amma özümü buna hazır hesab eləmirdim. Bu, həm sənətim, həm də ailəmdəki problemlərlə bağlı idi. Şou-proqramlara qatılırdım deyə özümü bu səfərə hazır saymırdım. Həyat yoldaşımla bu mövzu ilə bağlı söhbət elədik. Mən ona dedim ki, ürəyimdən ziyarətə getmək keçir. O, məndən soruşdu ki, axı sənin qabağını nə kəsir. Öz-özümə fikirləşdim, nəhayət, belə qərara gəldim ki, ziyarətə getməliyəm. Doğrudan da, axı niyə ziyarətə getməyim? Siqaret çəkmirəm, spirtli içki qəbul eləmirəm, əxlaqsızlıqla məşğul olmuram, bacardığım qədər insanlara kömək göstərirəm. Allaha qurban olum, mənə yol açdı. Özü də yuxuda görmüşdüm ki, müqəddəs torpağı ziyarət eləmişəm. Mən yuxunu görən zaman həyat yoldaşım və mətbuat katibim Mətanət də ziyarətə getdiyimi yuxularında, özü də maraqlıdır ki, eyni vaxtda görmüşdülər. Bu isə o deməkdir ki, mən artıq ora gedib qayıtmışam.

- Maraqlıdır, namaz qılırsanmı?

- Bəli, artıq bir aya yaxındır ki, namaz qılmağa başlamışam. Allah bütün namaz qılan insanların namazını qəbul eləsin. Onu da deyim ki, namazı öyrənməyə başlayanda surələri üzündən oxuyurdum ki, yadımdan çıxmasın. Açığı, mənə əvvəl çox çətin gəlirdi. Namazda çətinliyim təşəhhüd və salamlarda olurdu. Sanki şeytan ürəyimə girirdi. Gecə ürəyimdə namaz arzusu ilə yatdım və yuxuda gördüm ki, namaz qılıram. Ertəsi gün sübhdən qalxdım, dəstəmaz alıb namaz qılanda məəttəl qaldım. Azanı, iqaməni və surələri əzbərdən söylədim. Bunu gərək Allah insanın ürəyinə salsın. Etiraf edim ki, namaz qılmaq mənə çox çətin gəlirdi. Mən namazı heç bir zaman yarımçıq qoya bilmərəm. Bu gün başımı bağlayım, iki gündən sonra açım, oruc tutum, dözə bilməyim, namazı yarıda kəsim? Mən Allahın qəzəbinə gəlməkdən qorxuram.

- Sən danışdıqca düşünürəm ki, əvvəlki Ruhidən əsər-əlamət qalmayıb. Xarakterində müsbət mənada dəyişikliklər nəzərə çarpır. Olmaya, səni ibadət dəyişib?

- Namaz qılmağa başlayandan mənə çox adam deyib ki, sənin xasiyyətin dəyişilib. Amma yox, mənim daxili dünyam həmişə belə olub. Yəni sakit olmuşam, mənim iç dünyam hər zaman belə olub. Düzdür, mən dəlisovam, mərdəm, yeri gəlsə, hər şeyin üstündən xətt çəkərəm. Amma müsbət xüsusiyyətlər məndə həmişə olub. Mən hər zaman ziyarətlərə getmişəm, qurbanlar kəsdirmişəm, yetimlərə və kimsəsizlərə əl tutmuşam. Sadəcə olaraq bəziləri kimi özümü reklam eləməyi sevməmişəm. Elə imkansız ailələr var ki, mən onların dolanışığı üçün hər ay müəyyən məbləğdə pul xərcləyirəm. Amma çıxıb bunu efirdə camaata bəyan eləmirəm.

- Bir məsəl var: sağ əlin verdiyini sol əl bilməməlidir. Buna görəmi?

- Doğrudur. Əgər öz boğazımdan kəsib kiməsə köməklik edirəmsə, 5 manatlıq yox, 3 manatlıq geyinib kiməsə yardım edirəmsə, bunun nəyi pisdir? Ona görə də Allahdan nə istəmişəmsə, hamısı həyata keçib.

- İnşallah, ziyarətdən sonra da hicab bağlayacaqsanmı?

- Yox, hicaba keçməyəcəyəm. Zənnimcə, başını bağlamaq bir o qədər də vacib şərtlərdən deyil. Qapalı geyinməyə gəlincə isə özünüz də görürsünüz ki, mən açıq-saçıq paltarlar geyinmirəm. Bu, həmişə belə davam edəcək, yəni məni heç bir zaman yarıçılpaq vəziyyətdə görməyəcəksiniz. Düşünürəm ki, hicab bağlamaq mənim üçün hələ tezdir. Mən hicaba girib sonra onu aça bilmərəm. Allaha qurban olum, mən onun yolunda hətta sənətimi də ata bilərəm. Amma bununla belə, sənətimi də davam etdirəcəyəm - qalmaqalsız və söz-söhbətsiz.

- Toylara da getməyəcəksən?

- Yox, onsuz da çoxdandır ki, toylara getmirəm. Şou-proqramlara qatılmıram. Çünki həyat yoldaşım icazə vermir. Yenə də deyirəm, hicaba keçməyəcəm. Bilirsinizmi, qapanmaq oyuncaq deyil. Televiziyaya baxıram, bəzən görürsən ki, dünən başını bağlayanlar bu gün hicabını açır. Belə insanlar indiki dünyalarından yox, axirətdən qorxsunlar. İndiki dünyada yaşamağa nə var ki... Çünki o dünya əbədidir. Mən həmişə bir iş görəndə deyirəm ki, ay Allah, əgər mən səhv edirəmsə, mənə düz yol göstər və günahımdan keç. Bəzən görürsən ki, insan özü də bilmədən günah iş tutur. Mən bir işi görməzdən öncə ailəmi - anamı, qardaşımı fikirləşmişəm. Sənətə gələndə anam çox ağır xəstələndi. Çünki o, mənim bu sənətə gəlməyimi istəmirdi. O, rayon adamıdır, özü də müəllimədir. Atam həmişə yüksək vəzifələrdə çalışıb, bir sözlə, ziyalı ailəsində dünyaya gəlib tərbiyə almışam. Anamı qorxudan bilirsinizmi nə idi? O, qorxurdu ki, bəzi müğənnilər kimi mən də özümü açaram, efir vasitəsilə qalmaqal salaram. Yaxud da ki, əxlaqsız yola düşərəm. Anam görür ki, sənəti ucuzlaşdırıblar. Mən həmişə düşünmüşəm ki, doğmalarımın başını hər zaman uca eləyim.

- Ruhi, bir az da şəxsi həyatınla bağlı danışaq. Əvvəllər ailəli olmağınla bağlı danışmazdın. Amma indi bəyan edirsən ki, evli xanımsan. İndiyə qədər niyə susurdun?

- Onunla 9 ildir vətəndaş nikahında yaşayırıq. Yoldaşım Moskvadadır, tez-tez Bakıya gedib-gəlir. Bir-birimizə ailədə hörmətlə yanaşırıq. Mən ondan məsləhət almamış heç bir addım atmıram. Bəzən görürsən ki, qəzetlər adımı qalmaqallarda hallandırırlar. Mən tez ona zəng edib xəbər verirəm. O, həmişə mənə deyir ki, atmacaları həmişə cavabsız burax.

- Aranızda nə qədər yaş fərqi var?

- O... Yaş fərqimiz böyükdür, amma deməyəcəyəm.

- Bəs nə əcəb 9 il ərzində rəsmi nikaha girməmisiniz? Heç olmasa kəbininiz varmı?

- Kəbinimiz var. Bu, onun işindən irəli gəlir. O, iş adamıdır, nələrə görəsə biz rəsmi nikaha girməmişik. Allah qoysa, bu yaxınlarda rəsmi qaydada evlənəcəyik. Açığı, bu, bizim özümüzdən asılıdır, günü bu gün nikah masası arxasına keçə bilərik. Amma ortada elə sənədlər var ki, bir balaca səbr eləmək lazım gəlir.

- Ana olmaq haqda düşünmürsənmi?

- Ən böyük arzularımdan biri də ana olmaqdır. Həcc ziyarətində mənim birinci arzum o olacaq ki, Allah mənə ana olmaq xoşbəxtliyini nəsib eləsin. Uzun illərdir ki, müalicə olunuram, gəzmədiyim yer qalmayıb. Həkimlər hər dəfə deyirlər ki, heç bir problem yoxdur. Amma 9 ildir ki, övlad həsrəti ilə yaşayıram. İnşallah, ziyarətdən dönəndən sonra Allah mənə şirin pay verər. Qız və ya oğlan - heç bir fərqi yoxdur.

- Ruhi, musiqi təhsilin varmı?

- Hələ sənətə gəldiyim ilk günlərdə demişəm ki, musiqi savadım yoxdur. Musiqini duysam da ritmlərə zorla girirdim. Artıq 8 aydır ki, Nailə Mirməmmədli mənə vokal dərsi keçir. Başqa bir müəllimim də var, amma adının çəkilməsini istəmir. Musiqi təhsili almaq kimi fikrim də yoxdur. Çünki mən sənətə peşəkar müğənni kimi yox, həvəskar kimi gəlmişəm. Mən əgər bu dəqiqə muğam oxumaq istəsəm, onu həyata keçirərəm. Bəzən eşidirəm, deyirlər ki, Ruhi oxuya bilmir. Düşünürəm ki, beşindən əskik oxuyuramsa, üçündən yaxşı oxuyuram. Bizim əməkdar artist fəxri adını alan elə müğənnilərimiz var ki, mən onlara peşəkar kimi baxmıram.

- Özün də etiraf edirsən ki, bir çoxları səni oxuya bilməməkdə günahlandırır. Necə düşünürsən, səsin imkan verirmi ki, nə zamansa muğam oxuyasan?

- Əgər çalışsam, muğam ifa edə bilərəm. Bəzən deyirlər ki, Ruhi oxuya bilmir, amma tanınır. Mənə elə gəlir, bu, Allahın mənə verdiyi sevgidir ki, insanlar məni bəyənirlər. Röya qara bir qızdır, onda gözəllik, boy-buxun, qeyri-adi yaraşıq yoxdur. Amma di gəl, çox şirindir. Mən Röyanın bütün mahnılarına sevə-sevə qulaq asıram, amma o, sənətə təzə gələndə deyirdilər ki, Röya burnunda oxuyur. Mən yalnız onu deyə bilərəm ki, Röyanın seçdiyi yol düzgündür. Görürsünüzmü, indi o, çoxlarından yüksəkdə dayanır.

- Şou-biznes nümayəndələri arasında kimdən özünə qarşı soyuq münasibət görmüsən?

- Hamısından yaxşı münasibət görmüşəm. Bir müğənni vardı, onun haqqında mənə söz gətirirdilər. Guya mənim haqqımda nələrsə danışıb. Sonra həmin müğənni ilə görüşəndə gördüm ki, yox, o, çox səmimi insandır və ürəyində mənə qarşı pis fikri yoxdur. Sadəcə olaraq bəzən kənardakılar ara vurmaq istəyirlər. Məclislərdə Aygün Kazımovanı görmüşəm, qucaqlaşıb öpüşmüşük. Röya da onun kimi. Faiq Ağayev isə heç, o, mənim ürəyimdir. Aybəniz Haşımovanın evində dəfələrlə olmuşam. Aybəniz xanım həmişə deyir ki, Ruhi, mən sənə hər zaman dəstək olacağam. Xalq artisti İlhamə Quliyeva hər adama demir ki, sənə dəstək olacağam. İlhamə xanımın o qədər böyük ürəyi var ki... Rəhmətlik Hikmət Mirməmmədli mənə həmişə deyirdi ki, sən mənim balamsan. Nailə xanım özü indi də mənə dəstək olur.

- Ruhi, söhbətcil insansan, bu, sənin səmimiyyətindən irəli gəlirmi?

- Bəzən görürsən ki, bizə kimsə qonaq gəlir. Oturub onunla danışıram, danışıram, danışıram. O, gedəndən sonra anam mənə deyir ki, evdə nə baş verib axı hamısını danışdın. Bilirsinizmi, əgər qarşımdakı insan səmimidirsə, mən ona münasibətdə sadə olmaya bilmərəm. Düzdür, elə şeylər var ki, onu yalnız mənimlə ailəm bilir, yəni onu çöl bilməməlidir. Mən ailəmə də hər adamı buraxmıram. Heç bir müğənni ilə gedib restoranda oturmamışam. Mən hər zaman özümü və ailəmi qorumağa çalışmışam ki, əlavə söz-söhbət yayılmasın.

- İndiyədək özün haqda hansı qeyri-adi şayiələri eşitmisən?

- Bu yaxınlarda qəzetlərin birində belə bir yazı çıxmışdı ki, guya mən narkoman olmuşam. Yazını oxuyub doyunca güldüm. Tez anama zəng eləyib dedim ki, birdən qəzet alıb oxuyarsan, sənin balan elə olmayıb. Əgər mən narkoman və əxlaqsız olsaydım, camaat bunu efirdəcə hiss eləyərdi. Məni öldürürdülər ki, efirə çıxanda bir az açıq-saçıq geyin. Deyirdilər ki, gözəl cizgilərin var, insanların diqqətini daha da cəlb eləyə bilərsən. Deyirdim ki, yox, mən belə edə bilmərəm. Çünki o cür olmaq mənim qanımda-canımda olmayıb. Açıq-saçıq geyinsəydim, bəlkə də tez populyarlaşardım.

- Müğənnin məşhurlaşmasında anti-reklamın rolu varmı?

- Ümumiyyətlə, reklam olunmağı sevmirəm. Müğənni öz adını ləkələyib populyarlıq qazanmamalıdır. Bəzən müğənnilər yalandan çıxıb efirdə, maqazin verilişlərində savaşırlar. Amma izləyicilər onların reklam xatirinə oyun çıxardıqlarını bilmir axı...