Mən onlardan qəşəng olduğum üçün qəbul etmədilər".
Akademik Milli Dram Teatrının tanınmış aktrisası Vəfa Zeynalova hər kəsə tanışdır. Çünki o, ən çox filmlərin və tamaşaların baş qəhrəmanı obrazını canlandırır. Bir çox qəhrəman obrazları yaradan aktrisa lakin bizlərə "Dodaqdan qəlbə" serialında yaratdığı Lamiyə rolundan daha çox tanışdır. Bu filmi özünün vizit kartı adlandıran Vəfa Zeynalova bundan sonra ardıcıl olaraq filmlərə və seriallara çəkilmək üçün rejissorlardan saysız-hesabsız dəvətlər aldığını söylədi. Artıq hər kəs tərəfindən tanınan və sevilən Vəfa Zeynalova bizə həm yaradıcılığından, həm də səfərindən söhbət açdı. Qeyd edək ki, o, yeni bir türk filminə çəkilmək üçün hələ bir neçə ay bundan öncə dəvət alıb.- Mən bu ilin mayında Turkiyədən yeni bir filmə çəkilmək üçün dəvət aldım. Bu filmdə Türkiyənin və Hollivudun ən aparıcı aktyorları çəkiləcək. Azərbaycandan isə təkcə mən dəvət almışam. Ssenari ilə təqribən tanış olmuşam və əsər hərtərəfli mənim maraqlarıma cavab verir. Əsər haqqında danışmaq istəmirəm, qoy bu, hələ ki, sizlərə də maraqlı qalsın. Filmin çəkilişləri ilə əlaqədar olaraq bu ayın sonu və ya gələn ayın əvvəlinə qədər Türkiyəyə yola düşəcəm. Həm də çəkilişdən əvvəl filmə dəvət olunan aktyorların görüşü olmalıdır. Qeyd edim ki, Türkiyənin və Hollivudun tanınmış aktyor və aktrisaları ilə eyni filmdə çəkilmək mənə xoşdur. Teatrdakı işlərə gəlincə isə, həm bir neçə tamaşalar üzərində çalışırıq, həm də xarici səfərlərimiz olur. Lakin bütün bunlara baxmayaraq mənim üçün ən vacibi Türkiyə səfəridir.
- Deməli, siz xarici ekranlara çıxacaqsınız?
- İnşallah. Əgər mənə belə bir şans verilibsə, təbii ki, çalışacam ki, filmin gözəl alınması üçün əlimdən gələni edim. Çünki qarşıma məqsəd qoymuşam ki, hər şey alınmalıdır, hər şey əla olmalıdır. Eyni zamanda bundan sonra da mənə verilən bütün şanslardan istifadə etməyə çalışacam.
- Bəs nə vaxtsa belə bir şansı əldən vermisinizmi?
- Yox, belə bir şey olmayıb. Amma ümumiyyətlə söyləyirəm ki, bundan sonra da olmayacaq.
- Vəfa xanım, gənc aktrisalar arasında ən çox filmlərə və seriallara çəkilən aktrisasınız. Sizcə bu, nə ilə əlaqədardır?
- Düzünü desəm, bilmirəm. Amma təvazökarlıq olmasın, mənə elə gəlir ki, istedadım rejissorların gözündən yayınmır, nəzərə tez çarpır. Bununla yanaşı ümumiyyətlə, mən özümü şanslı aktrisa hesab edirəm. Bəlkə də bu, mənim işimə həvəslə, ürəklə yanaşmağımdan və istədiklərimi ürəkdən arzuladığımdan irəli gəlir, bilmirəm. Lakin bir şeyi etiraf edim ki, televiziya tamaşalarına çəkilməkdən qaçıram.
- Niyə?
- Nə bilim.
- Maddi cəhətdən qane etmir?
- Maddi cəhətdən əlavə, kommersiya yönümlü çəkilən filmlərin mənası yoxdur. Havayı vaxtın gedir.
- Vəfa xanım, sizin "Maşın realiti şou"da Aygün Kazımova və Xumar Qədimova ilə mübahisəniz düşdü. İndi onlarla münasibətiniz necədir?
- Düzünə qalsa, heç onları görmürəm. Mən aktrisayam, onlar isə müğənni. Ümumiyyətlə, biz heç rastlaşmırıq da. Bir tərəfdən də yaxşı ki, onlarla görüşmürəm, deməli, xoşbəxt adamam.
- Nəyə görə yola getmədiniz?
- Heç mən də bilmirəm, onlara nə etdim ki, mənimlə yola getmədilər. Şoudan uzaqlaşdıqdan sonra mənə iştirakçıların əksəriyyəti, eyni zamanda tamaşaçılar belə söylədilər ki, mən onlardan qəşəng olduğum üçün qəbul etmədilər və belə çıxır ki, onlar məni qısqandılar.
- Bəs özün bunu hiss etdin?
- Əks halda, özüm belə baş açmadığım səbəblərdən mənimlə pis münasibətdə olmazdılar.
- Sizin oyun zamanı şounu tərk etmək ehtimalınız olsa da, sonda səs topladınız. Nəticədə isə iştirakçılardan birini uzaqlaşdırmalı idiniz. Yəni bu şans sizə verildi, amma bundan istifadə edərək siz nə Aygünü, nə də Xumar Qədimovanı oyundan kənarlaşdırmadınız. Niyə?
- Mən böyüklüyümü göstərdim. Təbii ki, söhbət yaşdan getmir. İntellektual səviyyənin böyüklüyündən gedir.
- Vəfa xanım, sizə verilən obrazlar bir qədər "vulqar" olur. Bu, sizin şəxsi həyatınızda problem yaratmır?
- Yox, heç vaxt yaratmayıb. Çünki oynadıqlarım obrazlar həyatda deyil ki, filmlərdə və seriallardadır. Həm də mən hər rolumu ilk növbədə həyat yoldaşımla məsləhətləşib oynayıram. O da başa düşür ki, bu, real həyatda deyil. Eyni zamanda həyat yolşadım mənim sənətimi bəyəndiyi üçün hər zaman məni dəstəkləyir.