Xanım müğənnilər arasında sərt telefon danışığı olub.
Dostəliyeva bacıları arasında başlayan söz davası hələ də səngiməyib. Xatırladaq ki, Zeynəb Dostəliyeva əməkdar artist olan bacısı Nazpəri Dostəliyevanın ünvanına təhqiramiz ifadələr işlətməkdə davam edir. Maraqlıdır ki, bu məsələdə xalq artisti İlhamə Quliyevanın da adı hallanır. Sən demə, İlhamə xanımla Zeynəb birləşərək Nazpəriyə qarşı “cəbhə” açıblar.
Digər məlumatlara görə isə, Nazpəri Zeynəbin yaradıcılığına mane olmaq üçün bütün vasitələrdən istifadə edir. Hətta bacısını hədələyir. Düzdür, Nazpəri xanım bizimlə söhbətində bunu təkzib etdi. Müğənni “kim nə edir, qoy etsin, onsuz da heç nə alınmayacaq”, - dedi.
İlhamə xanım isə həqiqətən də Zeynəbə yaradıcılığında kömək etdiyini etiraf etdi. Zeynəblə bu vaxta qədər heç bir şəxsi tanışlığının olmadığını deyən müğənni onu televiziya ekranlarından görüb və bəyəndiyini bildirdi: “Həmişə deyirəm ki, istedadlı insanlara dəstək olacağam, bu sözlərimin üstündə dayanıram da. O, vaxtilə televiziya ekranlarına çıxsa da, bu gün buna imkanı yoxdur. Amma söz verirəm ki, hər bir gəncə kömək etdiyim kimi, bu məsələdə ona da əlimdən gələn qədər yardımçı olacam. Çünki Zeynəb çox istedadlı müğənnidir. O gün Zeynəb mənə zəng edib ağladı ki, İlhamə xanım, mənə kömək edin, məni tək buraxmayın”.
İlhamə xanım söhbət əsnasında dedi ki, Zeynəbin sözlərinə görə, “Nazpəri ona zəng edib deyir ki, sənə kim kömək edirsə, onların hamısını müxtəlif yollarla səndən ayıracağam”. “Kim nə edirsə etsin, mən Zeynəbə kömək edəcəyəm. O ki qaldi bacılar arasında qalmaqala, lütfən məni o şeylərə qatmasınlar. Mən onların səviyyəsinə enən insan deyiləm”.