Son günlərin söz-söhbətlərindən biri də "İncimə" deyən Elza Seyidcahanın özünün inciməsidir, həm də möhkəm surətdə.
O, əvvəlcə Rüstəm Zeynallıdan incidi ki, Elnurun konsertində səhnədə olarkən onun adını vurğulamadı, sənətə gəlməsində əsas rolu oynadığını tamaşaçıların nəzərinə çatdırmadı. Daha sonra Rafaellə Coşqundan incidi ki, bir neçə günlük konsertləri ərzində hər gün onu parodiya etdilər. Həm də gülməli şəkildə. Hər halda, Elza xanım belə fikirləşirdi. O, müsahibələrinin birində Rafaellə Coşqun haqqında ağır sözlər söyləyərək bir də onları bağışlamayacağını elan etdi. Bu məsələlər barəsində nə düşündüklərini öyrənmək məqsədi ilə Rafaellə Coşquna telefon açdıq.
Onlar bu işlərə görə mat-məəttəl qaldıqlarını bildirdilər: "Dünyanın hər bir yerində hamını parodiya edirlər. Əsasən də görkəmli adamları. Axı məşhur adamları hamı tanıyır, onların müəyyən adətlərini, necə hərəkət etdiklərini bilirlər. Biz sadə insanı parodiya etsək, onu heç kim tanımayacaq və belə səhnələrin də heç bir marağı olmayacaq. Elza Seyidcahan bizim hörmət etdiyimiz, sənətini sevdiyimiz bir insandır. Həm də biz bu səhnədə heç bir təhqirə yol verməmişik. Əgər müğənni xanım özü belə fikirləşirsə, bu yanlışdır. Biz nəinki onu, ümumiyyətlə, heç kəsi indiyə qədər təhqir etmək fikrində olmamışıq. Bizi bağışlamayacaqsa, nə etməli, qoy belə olsun. Biz fəaliyyətimiz dövründə o qədər məşhur insanları parodiya etmişik ki, hələ onların heç biri bizdən inciməyib".