Şövkət Ələkbərova ilə Qafarzadəni bir tərəziyə qoymaq ayıbdır".
Səhnəmizin “əjdaha” ləqəbli müğənnisi Nadir Qafarzadə Cahangir Cahangirov yaradıcılığına müraciət edərək görkəmli bəstəkarın “Füzuli” kantatasından ariya oxuyub. Üstəlik sözügedən musiqi parçasına klip də çəkdirib. Füzulinin sözlərinə bəstələnən əsərin rejissoru Günel, operatoru Nadir Mehdiyevdir. Klipi ərsəyə gətirmək məqsədilə çəkiliş qrupu öncə Şirvanşahlar Sarayında və İçərişəhərdə olub. Daha sonra isə yollanıb Şamaxının Mərəzə qəsəbəsindəki XIV əsrə aid türbəyə.
Klipin kommersiya xarakterli olmayacağını deyən Nadir Qafarzadə ekran əsərində qəzəlin hər bir sözünə uyğun görüntülərin yer alacağını xüsusilə qeyd elədi: “Bu əsərlə özümü reklam etmək, toy tutmaq niyyətində deyiləm. Bu ariyanı xalq üçün oxumuşam. Təbii ki, ”Füzuli" kantatasından pul qazanmayacağam. Qazancım ifamdan mənəvi qida alan insanlar olacaq. Klipi internet saytlarında da yerləşdirəcəyəm. Əsəri ingilis dilinə tərcümə etməyi də düşünürük. Belə olsa, onu bütün dünyaya yaya bilərik. Qorxuram ki, bu gün biz bunu eləməsək, sabah bədnam qonşularımız “Füzuli” kantatasını da öz adlarına çıxacaqlar".
Onu da deyək ki, Nadir “Füzuli” kantatasını ilk dəfə Yaşıl Teatrda verdiyi solo konsertində oxuyub. Hətta bəzi sənətkarlar onun bu ifasını yaman bəyənib.
Hər zaman özünün sərt açıqlamaları ilə həmkarlarından fərqlənən xalq artisti Yalçın Rzazadə isə Şövkət Ələkbərovadan sonra Nadir Qafarzadəyə qulaq asmağın mümkünsüz olduğunu dilə gətirib: “Şövkət Ələkbərova ilə onu bir tərəziyə qoymaq ayıbdır. Bugünkü ifaçıların hamısı bir yerə yığılsa, Şövkətin avazının bir hissəsi ola bilməzlər. Nadir cəsarət edib kantatanı oxuyub, ancaq ifası çox zəif alınıb. Əsəri oxumağa cəsarəti çatıb, ancaq səsi də çatmalı idi”.
Yalçın Rzazadənin fikrinə münasibət bildirən Nadir onun sözləri ilə razılaşmadı: “Qulağıma çatıb ki, guya əsəri bərbad günə qoymuşam. Deyib Nadir hara, ”Füzuli" kantatası hara. Mahnı mənim ruhuma, janrıma uyğun deyil... Amma mən oxudum. Bu gün Şövkət Ələkbərova dünyada yoxdur, onda belə çıxır ki, bu əsər arxivdə yatıb qalmalıdır?!"
Y.Rzazadənin “Şövkətin səsindən sonra onun ifasına qulaq asmaq çətindir. Nadir Qafarzadə bu kantatanı üç bek-vokalçı ilə ifa edib, Şövkət Ələkbərova isə kapella ilə oxuyub. Gərək müğənnilər səs diapazonunu, səsin qüvvətini nəzərə alıb mahnıya müraciət etsinlər” deməsi müğənnini lap özündən çıxarıb: “Mən bacardığım səviyyədə oxumuşan. Şövkət Ələkbərova kimi yox, Nadir Qafarzadə kimi oxumuşam. Bir də ki, qısqanclıqlar, paxıllıqlar gəldi-gedərdi. Heç kimin sözünü ürəyimə salmıram”.
Bir müddət öncə Nadirin özünü “əjdaha” adlandırması da şou-biznes aləmində əməlli-başlı səs-küyə səbəb olmuşdu. Xüsusən də Faiq Ağayev onun bu fikrini gülünc hesab etmişdi. Maraqlıdır ki, Qafarzadəni nə Faiqin, nə də digər həmkarlarının nə düşündükləri qətiyyən narahat etmir. Əks halda o, özündən bu qədər razı olmaz və özünü sənətkar adlandırmağa cürət etməzdi. Belə ki, Cahangir Cahangirov yaradıcılığına müraciət edən Nadir Qafarzadə “mənəm-mənəm” deyir: “Bu əsərlə bir daha sübut etdim ki, mən sənətkaram. Mənim püskürdüyüm odun biri də ”Füzuli" kantatasıdır. Hansı oğulun bu əsəri oxumağa cürəti catdı? Bu, artıq əjdahalıq deyil, çox böyük cəsarətdir. Hər müğənninin bacardığı iş deyil. Ona görə də mən müğənni deyiləm, heç sənətçi də deyiləm. Mən əsl sənətkaram!"