SAMİR BAĞIROV: "VALİDEYNLƏRİM GEYİM TƏRZİMƏ ETİRAZ EDİRLƏR".
Sənət aləmində özünəməxsus geyim tərzi ilə seçilən Samir Bağırovu uzun müddətdir ki, gördüm deyən yoxdur. Müğənnidən bir məlumat əldə etmək üçün onunla əlaqə yaratmağa çalışdıq. Hal-əhval tutduqdan sonra ondan efirlərdə, media önündə görünməməsinin səbəbini soruşduq. Bu anda bəzi həmkarları kimi, onun da dərdi açıldı. Sən demə, şou-biznesdəki özbaşınalıq, sənətdə müğənni axınının çoxluğu onu da narahat edir.
- "Yağışdan sonra artan göbələk" kimi qeyri-peşəkar müğənnilər o qədərdir ki, ona görə də biz yaddan çıxmışıq. Bu problem məni çox narahat edir. Bu gün sənət aləmində peşəkar müğənnilər barmaqla sayılır. İndiki müğənnilərin üzünə bütün qapılar açıqdı, amma o zamanlar biz sənətə gələnə qədər xeyli əziyyətlərlə üzləşirdik. Səhnəyə çıxıb, tamaşaçılar qarşısında oxumaq üçün gecəmiz-gundüzümüz yox idi. Efirə ilk dəfə çıxanda əsə-əsə çıxırdıq ki, görəsən necə olacaq? İndikilər isə elə danışırlar ki, elə bil neçə illərin sənətkarlarıdır.
- Hər zaman sakit təbiəti və davranışı ilə sənət aləmində seçilən Samir Bağırovu birdən-birə danışmağa nə vadar etdi?
- Sənətə və peşəkarlara olan hörmətsizlik. İndi kim gəldi efirə yol tapır. Kimin pulu var, efirlərə, şou proqramlara çıxır, peşəkarlar isə pul olmadığından küncdə-bucaqda qalıb. İndi sənəti olmayanların dövranıdır, bu gün səhnədə qeyri-peşəkar müğənnilər "at oynadır". Mahnıları və klipləri də efirlərdən düşmür. Mən də peşəkar və sənəti olan bir müğənni kimi çəkilmişəm bir kənara, onları kənardan izləyirəm və bu "oyunun" sonunu gözləyirəm, görüm bunun sonu necə olacaq.
- Bəs sən niyə peşəkar bir müğənni olaraq onlar kimi gündəmdə qalmaq üçün hərəkət etmirsən?
- Gündəmdə olmaq üçün, mahnılarımın hər gün efirlərdə və radio dalğalarında səslənməsi üçün xeyli vəsait tələb olunur. Mənim o qədər imkanım hardadır? Adicə mən səhnəyə çıxanda paltarlarıma, səhnə geyimlərimə nə qədər pul xərcləyirəm. Bunlar adi geyimlər deyil ki, mənim geyim tərzim bir az qeyri-adidir və buna görə də təbii ki, vəsait də çox tələb olunur. Eyni zamanda, hər zaman səhnə geyimlərimin qeyri-adi və orijinal olması üçün əlimdən gələni edirəm, bu da mənə ucuz başa gəlmir. Bu, bir az başqaları tərəfindən normal qəbul olunmasa da, bunu tamaşaçılarım üçün edirəm.
- Həmkarlarının gəlir mənbəyi toylardır. Yəni onlar geyim, klip və digər tələbatlarını ödəmək üçün həmin vəsaiti toylardan əldə edirlər. Ya da bizneslə məşğul olurlar, yəni obyektləri var. Bəs sən niyə bu imkandan yararlanmırsan?
- Mənim ifa tərzim fərqlidir. Mən pop estrada ifaçısıyam. Mənim ifa tərzim elədir ki, toylara uyğun gəlmir. Düzdür estrada müğənniləri də toylara gedir. Amma həmin müğənnilərin bir qədər xalq mahnılarına və digər janrlara yaxınlıqları var. Belə mahnıların isə etiraf edim ki, mənə yaxınlığı yoxdur. İndi hər kəs toy mahnıları oxuyanlara irad tutduğu halda, mən dolanışığım xatirinə üslubumu dəyişim? Mən bu barədə heç düşünmürəm də. Çünki bu, mənim heç daxili aləmimə də uyğun deyil. Artıq bu janrda özümü tapmışam və kifayət qədər də məni sevən var. Mənim obyektlərimin olmamasına gəlincə isə, bu iş də mənlik deyil. Mən yalnız özümü incəsənət adamı kimi görürəm. Biznesdə mən qətiyyən bacarmaram.
- Bəs indi nə işlə məşğul olursan?
- Ara-sıra mahnılar yazdırıram, sadəcə efirlərə çıxmıram. Həm də yaradıcılığım üzərində də çox işləmirəm. Çünki nə mənası var, mahnını hazırlayıram, "raskrutka" olunmur. Çox vaxt darıxmamaq üçün vaxtımı itimlə keçirirəm. O, məni darıxmağa qoymur.
- Haqqınızda gəzən şayiələr bitmək-tükənmək bilmir. Daha dəqiq desək, ortalıqlarda da görünməməyiniz şayiələrin yaranmasına daha böyük təkan verdi. Bunu necə izah edə bilərsən?
- Efirlərdə görünməməyimlə bağlı o qədər şayiələr yayılıb ki, inanın bilmirəm hansını deyirsiniz.
- Bəs o şayiələri eşidəndə necə reaksiya verdin?
- Adi qarşıladım, çünki incəsənət adamı barəsində çox söz deyilir. Bu, əvvəllər də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Heç vaxt dəyişməyəcək.
- Eşitdiyimizə görə, Moskvada tutulmusan?
- Xeyr. Tutulan şəxsin adı və soyadı mənim adım və soyadımla uyğun gəldiyi üçün hər kəs elə başa düşdü ki, mən tutulmuşam. Amma mən nəyə görə tutulmalıyam? Heç kimlə işim yoxdur, heç kimin də mənimlə işi olmasın.
- Samir, eşitdik ki, ABŞ-a gedəcəksən...
- Yox, bu xəbəri hardan eşitmisiniz? Belə bir şey yoxdur. Amma ABŞ-a getmək istəyirəm. Çünki oraları gəzib-dolaşmaq çoxdankı arzumdur.
- Samir, orijinal geyim tərzin olsa da, bildiyimizə görə, valideynlərin buna görə səndən imtina edib?
- İmtina etmək yox, amma açıq etiraf edim ki, valideynlərim narazılıq edirlər. Baxmayaraq ki, mən neçə illərdir səhnəyə fərqli geyimlərdə çıxıram, amma bunu qəbul etmirlər. Mən isə onlardan fərqli olaraq, düşünürəm ki, mən müğənniyəm, sənət adamıyam, axı səhnə bunu tələb edir. Ümumiyyətlə, incəsənət adamları seçilməlidir. Siz görürsünüz, dünya ulduzları, necə orijinal və qeyri-adidirlər. Yeri gələndə müğənni manikür də etməlidir, saçlarını da rəngləməlidir, istəyəndə saç da saxlamalıdır. Çünki ona neçə milyonlar baxır.