ATV telekanalında müğənniyə qadağa qoyulub?
Bacısı ilə münasibətləri pisləşən və başı qalmaqallardan açılmayan əməkdar artist Nazpəri Dostəliyeva barəsində yeni xəbərlər yayılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Nazpəri xanımın ATV kanalına çıxmasına qadağa qoyulub. Qeyd edək ki, ATV kanalında yayımlanan verilişlərin birində bacısı Zeynəb Dostəliyeva onun ünvanına kəskin sözlər söyləmişdi. Müğənni bu hadisədə telekanalı günahkar hesab etmişdi. O bildirmişdi ki, uzun illərdir ki, bacısı ilə arasında baş verən qarşıdurmanı ailə söhbəti olduğu üçün hər kəsdən gizlədib. Lakin həmin telekanal Zeynəb Dostəliyevanı verilişə qonaq qismində dəvət etməklə iki bacı apasında narazılıq geniş tamaşaçı kütləsinə məlum olub. Məsələni dəqiqləşdirmək üçün Nazpəri xanımla əlaqə saxladıq. Lakin sualları onun köməkçisi Rəşid cavablandırdı. O, Nazpəri xanıma telekanal tərəfindən qadağa qoyulması xəbərini inkar etdi: "ATV kanalı Nazpəri xanıma yox, Nazpəri xanım sözügedən telekanala qadağa qoyub. Onlara hər hansı bir açıqlama verməkdən və ya proqramlarına qatılmaqdan imtina edib". Burada başqa səbəblərin olduğunu deyən köməkçi bildirdi ki, Nəzpəri xanımla telekanalın rəhbərliyi arasında müəyyən narazılıq var. Bu narazılıq isə Zeynəb Dostəliyeva efirə çıxmamışdan əvvəl yaranıb. Yəni onun ATV-nin efirinə çıxıb müğənninin ünvanına ittihamlar səsləndirməsi ilə əlaqədar deyil.
Bu arada onu da qeyd edək ki, noyabrın sonlarında Bakıda konsert proqramı ilə çıxış edəcəyini bildirmiş Nazpəri xanımın həmin konserti təxirə düşüb. Onun köməkçisi konsertin təxirə salınmasına nəyin səbəb olduğu barədə məlumat verməkdən imtina etdi.