Gənclər və İdman Nazirliyi iki finalçını layihədən uzaqlaşdırdı.
Azərbaycan “Avroviziya-2008" musiqi yarışmasında təmsil olunacaq. Müsabiqəyə qatılacaq iştirakçıların kastinq prosesində təxminən 40 müğənni iştirak edib. Onların ifasını gənclər və idman naziri Azad Rəhimov, müğənnilərdən Natəvan Şeyxova, Salman Qəmbərov, Zülfiyyə Xanbabayeva, bəstəçilər Faiq Sücəddinov, Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Yalçın Cabbarov, həmçinin Nərgiz Paşayeva, Təranə Muradova, İsmayıl Ömərov və ”Avroviziya" müsabiqəsi təşkilat komitəsinin üzvləri dinləyiblər.
İkinci tura vəsiqə qazanan 15 müğənninin (ictimaiyyət onları elə də çox tanımır) iştirakı ilə keçirilən seçim turunun II mərhələsi Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Əldə etdiyimiz məlumata görə, ifası dinlənilən 15 iştirakçıdan final mərhələsinə 6 müğənni keçib. Onların adı bu ay Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək qala-konsertdə açıqlanacaq.
“Avroviziya”nın qaydasına görə, ölkəsini təmsil edəcək müğənni SMS yolu ilə seçilir. Odur ki, 6 müğənninin SMS nömrələri elan olunacaq, camaat “Avroviziya”da görmək istədiyi ifaçıya səs göndərəcək. Ən çox səs toplayan müğənni gələn il ölkəmizi sözügedən müsabiqədə təmsil edəcək. Həmin müğənninin peşəkar səhnə vərdişlərinin artırılması üçün ciddi hazırlıq işləri aparılacaq, üzərində xaricdən dəvət olunmuş mütəxəssislər çalışacaq.
Lakin artıq layihənin ətrafında söz-söhbət yaranmağa başlayıb. 1news saytının məlumatına görə, sonuncu tura vəsiqə qazanan Xəyyam Mustafazadə və Cəbrayıl Rəsulov layihədən müəmmalı şəkildə uzaqlaşdırılıb. Gənclər və İdman Nazirliyinin əməkdaşının sözlərinə görə, bu iştirakçıların heç biri ukraynalı mütəxəssisləri qane etməyib. Halbuki seçim turu başa çatandan sonra təşkilatçılar bildirmişdilər ki, Aytac Cəfərova, Xəyyam Mustafazadə, Erkin Osmanlı, Cəbrayıl Rəsulov, Elnur Hüseynov, “Un Formal” rok-qrupu və Aynur İsgəndərovadan ibarət olan iştirakçılar artıq ixtisara düşməyəcək. Hətta onların hər birinə hazırlıq üçün 800 manat pul da ayrılmışdı. Layihədən uzaqlaşdırılan hər iki gənc isə nədənsə məsələyə münasibət bildirməkdən boyun qaçırır. Nə bilmək olar, bəlkə də Gənclər və İdman Nazirliyi onlara öncədən qulaqburması verib